ABŞ-yə məxsus PUA İtaliyadakı hərbi bazadan qalxaraq İran sahilləri yaxınlığında missiya icra edib

2026/04/1775143596.jpg
Oxunub: 457     19:23     02 Aprel 2026    
ABŞ-yə məxsus “Northrop Grumman MQ-4C Triton” kəşfiyyat pilotsuz uçuş aparatı İtaliyanın Siciliya adasında yerləşən “Sigonella” hərbi bazasından qalxaraq İran sahilləri yaxınlığında missiya yerinə yetirib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqdə hava hərəkətinə nəzarət sahəsindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, kəşfiyyat pilotsuz uçuş aparatı “Sigonella” bazasından havaya qalxaraq Fars körfəzinin neytral suları üzərində bir neçə dövrə vurub və İranın hava məkanına yaxın uçuş həyata keçirib.

Daha əvvəl də bu ərazidə, o cümlədən Buşəhr şəhəri yaxınlığında belə uçuşlar qeydə alınıb. Pilotsuz uçuş aparatı artıq bir neçə saatdır havadadır və 14,5 km-dən yüksək hündürlükdə uçur.

Mənbə qeyd edib ki, MQ-4C “Triton” aparatları dəniz və quru üzərində geniş ərazilərdə real vaxt rejimində kəşfiyyat və müşahidə aparmaq imkanına malikdir, həmçinin “Boeing P-8 Poseidon” sualtı qayıq əleyhinə təyyarələrinin imkanlarını tamamlayır.

Bundan əvvəl “Corriere della Sera” nəşri İtaliyanın ABŞ-yə “Sigonella” bazasına giriş icazəsi vermədiyini yazmışdı. Lakin İtaliyanın baş naziri Corcia Meloni bu xəbərlərlə bağlı Roma ilə Vaşinqton arasında hər hansı gərginliyin olmadığını bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin