Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.
Livan ərazisində “Hizbullah” ilə İsrail arasında qarşıdurma ikinci ayına daxil olub. İsrailin, öz şimal bölgəsində yaşayan əhalini qorumaq məqsədilə Livanın cənubunun bir hissəsini “təhlükəsizlik zonası” kimi nəzarətə götürmək niyyətində olduğu bildirilir.
“Livan elə bir müharibənin qurbanına çevrilib ki, onun nəticəsini və bitmə tarixini heç kim proqnozlaşdıra bilməz”, - deyə Salam hökumət iclasından sonra jurnalistlərə bildirib.
O əlavə edib ki, İsrail rəsmilərinin bəyanatları və ordunun fəaliyyəti daha uzaqmənzilli planların mövcudluğunu göstərir. Bunlara Livan ərazilərinin işğalının genişləndirilməsi, bufer və ya təhlükəsizlik zonalarının yaradılması və bir milyondan çox livanlının köçkünə çevrilməsi kimi risklər daxildir.
İsrailin, cənub Livan üzərində nəzarəti saxlayacağını bəyan etməsi uzunmüddətli işğal qorxularını daha da artırıb. Halbuki İsrailin bu bölgədəki 20 illik hərbi mövcudluğu 2000-ci ildə başa çatmışdı.
Salam qeyd edib ki, onun hökuməti müharibənin dayandırılması üçün diplomatik və siyasi səyləri ikiqat artıracaq. Livan prezidenti Cozef Aun tərəfindən İsraillə birbaşa danışıqlar aparılması çağırışı isə hələ cavabsız qalıb.
İsrail 2024-cü il atəşkəsindən sonra da Livana zərbələr endirməyə davam edir və cənub Livanın yüksəkliklərində yerləşən beş mövqedə hərbi qüvvələrini saxlayır.
İsrail, ABŞ ilə birlikdə İranla müharibənin başlanmasından sonra, martın 2-də “Hizbullah”ın İsrail ərazisini atəşə tutmasına cavab olaraq genişmiqyaslı hava və quru əməliyyatlarına başlamışdı.
Sevinc Əliyeva
Ordu.az