Ordu.az xəbər verir ki. bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Onlayn görüşə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper sədrlik edib. Görüşdə Fransa, Almaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan nümayəndələri iştirak ediblər. Görüş London vaxtı ilə günorta saatlarında başlayıb.
“Biz diplomatik və beynəlxalq planlaşdırma tədbirlərinə, o cümlədən diplomatik və iqtisadi alətlərimizin və təzyiq vasitələrimizin bütün spektrinin kollektiv səfərbər olunmasına fokuslanmışıq”, - deyə Kuper görüşün əvvəlində bildirib.
Rəsmilərdən birinin sözlərinə görə, ABŞ danışıqlarda iştirak etməyib. Təxminən 40 ölkənin nümayəndələrinin qatıldığı bu müzakirələr Trampın çərşənbə günü axşam saatlarında boğazın “təbii yolla” açıla biləcəyini və onun açılmasına görə məsuliyyətin bu marşrutdan asılı olan ölkələrin üzərinə düşdüyünü bildirməsindən sonra keçirilib.
Fransa Silahlı Qüvvələrinin nümayəndəsi Giyom Vern cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, bu proses çoxmərhələli olacaq və hərbi əməliyyatlar səngimədən və ya tam dayandırılmadan həyata keçirilə bilməz. Danışıqların əsas məsələsi gəmi sahiblərinin həmin ərazidə yenidən hərəkət etməsi üçün kifayət qədər təhlükəsiz hiss etməsini necə təmin etmək və sığorta xərclərini necə azaltmaqdır.
Onun sözlərinə görə, sonda gəmilərin təhlükəsizliyinə təminat verilməsi üçün İranla da koordinasiya aparmaq lazım olacaq, lakin bu, hazırda az ehtimallıdır. O əlavə edib ki, artıq hansı hərbi vasitələrin təqdim oluna biləcəyi ilə bağlı müzakirələr başlayıb.
“Biz kifayət qədər sayda gəmi toplamalı, havada və dənizdə əməliyyatların əlaqələndirilməsi imkanlarına, həmçinin kəşfiyyat məlumatlarının mübadiləsi qabiliyyətinə malik olmalıyıq”, - deyə Vern qeyd edib.
Çərşənbə axşamı axşam saatlarında Tramp bildirib ki, Hörmüz boğazından istifadə edən digər ölkələr “cəsarət göstərməli” və “sadəcə ondan istifadə etməlidir”.
Lakin Fransa prezidenti Emmanuel Makron cümə axşamı Cənubi Koreyada çıxışı zamanı boğazın hərbi yolla ələ keçirilməsini “real olmayan” variant kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az