Erməni nazir: “Konstitusiyanın təqdim olunan mətnində giriş hissəsi yoxdur, Müstəqillik Bəyannaməsinə istinad isə məhz oradadır”

2026/03/Ekran-1773826707.jpg
Oxunub: 463     13:39     18 Mart 2026    
“Hazırda təqdim olunan Konstitusiya mətnində ümumiyyətlə giriş hissəsi yoxdur, halbuki Müstəqillik Bəyannaməsinə istinad məhz həmin hissədə yer alır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan martın 18-də parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Belə təəssürat yaranmasın ki, biz giriş hissəsində nələrin yer aldığını təqdim etməkdən yayınırıq. Sadəcə bir məqamı qeyd edirəm: Konstitusiya layihəsinin mətni, o cümlədən giriş hissəsi ictimaiyyətə açıq olacaq və hər kəs orada nə yazıldığını görə biləcək və qərar verəcək.

Hazırda müzakirələr həm idarədə, həm də fraksiyada davam edir. Konstitusiya adi qanun layihəsi deyil, bu, dövlətimizin hüquqi əsasını təşkil edir və bir müzakirə ilə yekun nəticəyə gəlmək mümkün deyil”, - deyə o bildirib.

Erməni nazir həmçinin qeyd edib ki, Konstitusiyanın yeni mətninin nə vaxt dərc olunacağı hələ məlum deyil, lakin bunun üçün vaxt var, çünki referendum tarixi müəyyənləşdirilməyib.

“Referendum təyin edilməyib, biz heç nədən geri qalmırıq. Əsas istəyimiz ictimaiyyətə mətnlə tanış olmaq üçün kifayət qədər vaxt vermək və düzgün seçim etmək imkanı yaratmaqdır”, - deyə erməni nazir bildirib.

O, həmçinin istisna etməyib ki, Konstitusiyanın yeni mətni parlament seçkilərindən əvvəl dərc oluna bilər.

“Dərc olunacaq mətn yekun olmayacaq, yəni dəyişdirilə bilən layihə olacaq. Vətəndaşlardan və mütəxəssislərdən rəy alındıqdan sonra müəyyən dəyişikliklər edilə bilər”, - deyə Qalyan qeyd edib və xatırladıb ki, Konstitusiyanın qəbul olunub-olunmamasına xalq qərar verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin