Papoyan: “Avropa benzini adı ilə Azərbaycan benzini satan şirkət var, buna imkan verməyəcəyik”

2026/03/gevor-1773826615.jpg
Oxunub: 409     13:35     18 Mart 2026    
“Bizə belə şikayət daxil olmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün parlamentdə “Armlur.am”a açıqlamasında sakinlərin guya Azərbaycan benzininin keyfiyyətindən narazı olduqları və bunun avadanlıqların sıradan çıxmasına səbəb olduğu barədə irada cavab verərkən deyib.

“Amma araşdırmalarımız var və Ermənistana daxil olan bütün benzin eyni ekspertizadan keçir. Həmin benzinin keyfiyyəti yüksək olub. İkinci məsələ isə odur ki, bir şirkət var, guya Avropa benzini satdığını deyir, amma bu, Azərbaycan benzini olub, Azərbaycandan alınıb. Biz açıq şəkildə tələb qoymuşuq ki, ya bunu Azərbaycan benzini kimi təqdim etsin, ya da sata bilməyəcək.

Çünki insanları aldatmaq olmaz: pulu Azərbaycana köçürüb Azərbaycan benzini gətirib, adını Avropa qoyub satmaq və yalançı vətənpərvərlik etmək mümkün deyil. Mən buna imkan verməyəcəyəm. Bu məlumat həm açıq, həm də qeyri-açıq şəkildə çatdırılıb və onlar bunu yaxşı bilirlər”, - deyə o qeyd edib.

Erməni nazirdən şirkətin adını açıqlaması istənildikdə o bildirib: “Şirkətin seçimi var: ya bu benzini satmayacaq, ya da satarsa, onun Azərbaycan benzini olduğunu açıqlayacaq. Nazirlik şantaj etmir. İqtisadiyyat Nazirliyinin əsas vəzifələrindən biri istehlakçı hüquqlarının qorunmasıdır və istehlakçı bilməlidir ki, bu benzin Azərbaycan benzini, yoxsa məsələn, Rumıniya benzini dir. Əgər Azərbaycan benzini olub, amma Rumıniya kimi təqdim olunursa, biz buna imkan verməyəcəyik və vermirik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin