ABŞ dünyada ən mürəkkəb və çoxnövlü silah ixracatı nəzarət sisteminə malikdir. Hər hansı müdafiə məhsulunun üçüncü ölkəyə satışı bir neçə qanunvericilik aktı və institusional mexanizm tərəfindən tənzimlənir. Silah İxracatına Nəzarət Qanunu ABŞ istehsalı müdafiə məqsədli məhsulların ixracatını tənzimləyən əsas federal qanundur və hər bir satış prezidentin icazəsi və Konqresin bildiriş proseduru çərçivəsində həyata keçirilir. Beynəlxalq Silah Ticarəti Tənzimləmələri isə Dövlət Departamenti tərəfindən idarə olunan tənzimləmə olaraq müdafiə siyahısında (ABŞ Hərbi Mallar Siyahısı) yer alan bütün məhsulların ixracını, yenidən ixracını və texniki məlumat transferini əhatə edir. Bundan əlavə, Ticarət Departamentinin idarə etdiyi İxrac İdarəetmə Tənzimləmələri rejimi “ikili istifadə” texnologiyalarına, yəni həm mülki, həm hərbi məqsədlə istifadəsi mümkün olan məhsullara şamil olunur. Xarici Hərbi Satışlar proqramı isə ABŞ hökumətinin vasitəçi qismində çıxış etdiyi dövlətlərarası satış mexanizmidir. Bu sistemdə alıcı ölkə birbaşa ABŞ şirkəti ilə deyil, ABŞ hökuməti ilə müqavilə bağlayır, qiymətləndirmə və texniki dəstək prosesi Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi tərəfindən aparılır. Alternativ olaraq, Birbaşa Kommersiya Satışları mexanizmi mövcuddur ki, bu halda şirkət birbaşa alıcı ölkə ilə danışıqlar aparır, lakin yenə də Dövlət Departamentinin lisenziyası tələb olunur.

Bu çərçivə nəyə imkan verir, nəyə yox? Reallıq budur ki, Azərbaycana ABŞ-nin ən yüksək texnologiyalı strateji platformalarının, məsələn, “Patriot” PAC-3, THAAD, F-35, “Aegis” sistemlərinin satışı qısa və orta müddətdə mümkün deyil. Bunun səbəbi yalnız texniki deyil, həm də siyasi və doktrinaldır. ABŞ bu cür platformaları ya NATO müttəfiqlərinə, ya da uzunmüddətli strateji tərəfdaşlarına (İsrail, Yaponiya, Avstraliya, Cənubi Koreya kimi ölkələrə) təqdim edir. Bu ölkələrlə ABŞ arasında onilliklər boyu formalaşmış qarşılıqlı müdafiə öhdəlikləri, kəşfiyyat paylaşımı protokolları və texnoloji mühafizə mexanizmləri mövcuddur. Azərbaycan bu kateqoriyada deyil və bunu qəbul etmək analitik realizmin tələbidir.
Lakin bu, əməkdaşlığın məhdud olacağı demək deyil. ABŞ-nin ixrac kataloqunda NATO müttəfiqi olmayan, lakin strateji əhəmiyyət daşıyan tərəfdaşlara satılan geniş məhsul spektri mövcuddur. Körfəz ölkələri, Şimali Afrika dövlətləri, Cənub-Şərqi Asiya ölkələri bu kateqoriyanın nümunələridir. Azərbaycanın da bu çərçivəyə daxil edilməsi Trampın açıqlamasının əsas mesajı idi.
Tarixi konteksti də nəzərə almaq vacibdir. 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığa Dəstək Aktı”nın 907-ci bəndi Azərbaycana birbaşa ABŞ hökumət yardımını məhdudlaşdırırdı. Bu bənd Ermənistanın lobbi qruplarının təzyiqi ilə qəbul edilmişdi və illər ərzində ABŞ-Azərbaycan hərbi əməkdaşlığının qarşısında ciddi maneə olmuşdu. 2001-ci ildən etibarən hər il prezident tərəfindən bu bəndin müvəqqəti dayandırılması tətbiq olunsa da, qanunun formal olaraq qüvvədə qalması siyasi qeyri-müəyyənlik yaradırdı. Tramp administrasiyasının bu bəndin tamamilə ləğv edilməsi istiqamətində addımlar atması və indi isə birbaşa müdafiə satışı elan etməsi əhəmiyyətli keyfiyyət dəyişikliyidir. Bu, Azərbaycanın ABŞ-nin müdafiə ixracatı xəritəsində yeni bir statusla yer alması deməkdir.

İndi isə “texniki sistemlər” anlayışının arxasında dayanan konkret məhsul kateqoriyalarını realist çərçivədə təhlil etmək lazımdır. İlk və ən ehtimal olunan istiqamət çoxtəbəqəli hava hücumundan müdafiə arxitekturasının gücləndirilməsidir. Azərbaycanın mövcud hava müdafiə portfeli əsasən Rusiya və İsrail istehsalı sistemlərdən ibarətdir. S-300 PMU-2 kompleksləri uzun mənzilli müdafiə təbəqəsini, İsrail istehsalı “Barak-8” və SPYDER sistemləri isə orta və qısa mənzilli seqmentləri təmin edir. Lakin bu sistemlər arasında tam inteqrasiya olub-olmadığı açıq sualdır. Fərqli istehsalçıların radar formatları, məlumat protokolları və komanda-idarəetmə arxitekturaları arasında uyğunluq problemi hər bir ölkənin hava müdafiəsində qarşılaşdığı klassik çətinlikdir.
Bu kontekstdə ABŞ istehsalı NASAMS sistemi diqqətçəkən namizəddir, lakin onu “Azərbaycana mütləq satılacaq” kimi təqdim etmək yanlış olardı. NASAMS Norveçin “Kongsberg” şirkəti ilə ABŞ-nin “Raytheon” şirkətinin birgə layihəsidir və AIM-120 AMRAAM raketlərindən istifadə edir. Sistem 25-40 km məsafədə aerodinamik hədəfləri (qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, taktiki aviasiya vasitələrini) məhv etmək qabiliyyətinə malikdir. Onun əsas üstünlüyü modul arxitekturasıdır: müxtəlif radar tipləri ilə inteqrasiya oluna bilir, müxtəlif raket variantlarını dəstəkləyir və mövcud komanda-idarəetmə şəbəkələrinə nisbətən asan birləşdirilir. NASAMS hazırda NATO ölkələrindən əlavə Ukraynaya, İndoneziyaya, Qətərə, Omana, Litva və Macarıstana da satılıb və ya təklif olunub. Bu ölkələrin heç biri ABŞ-nin birinci dərəcəli müttəfiqi deyil, lakin strateji əhəmiyyət daşıyan tərəfdaşlardır. Azərbaycanın da bu siyahıya əlavə olunması texniki və siyasi baxımdan mümkündür, lakin Konqresin bildirişi və Dövlət Departamentinin razılığı tələb olunacaq.

Daha realist və dərhal mümkün olan variant isə radiolokasiya və erkən xəbərdarlıq sistemləridir. ABŞ şirkətlərinin istehsal etdiyi üçölçülü aktiv fazalı anten şəbəkəsi tipli radarlar müasir hava müdafiəsinin əsas elementidir. Bu radarlar mexaniki fırlanma əvəzinə elektron şüa idarəetməsindən istifadə edərək saniyənin fraksiyaları ərzində şüanı müxtəlif istiqamətlərə yönləndirir, eyni vaxtda yüzlərlə hədəfi izləyir və interferensiyaya qarşı yüksək davamlılıq göstərir. “Raytheon” şirkətinin AN/TPS-80 G/ATOR sistemi, “Lockheed Martin” şirkətinin TPS-77 MRR sistemi və “Northrop Grumman” şirkətinin müxtəlif radar həlləri bu kateqoriyanın nümunələridir. Bu sistemlər Beynəlxalq Silah Ticarəti Tənzimləmələri nəzarəti altında olsa da, müttəfiq olmayan ölkələrə də satılır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan kimi ölkələr ABŞ istehsalı radar sistemlərinin alıcılarıdır. Azərbaycanın mürəkkəb topoqrafik relyefi (Böyük və Kiçik Qafqaz dağ silsilələri, Kür-Araz düzənliyi, Xəzər sahilyanı zolaq) müxtəlif yüksəklik təbəqələrində yerləşdirilən radar şəbəkəsinin vahid informasiya məkanında birləşdirilməsini tələb edir. ABŞ istehsalı radarlar bu arxitekturanın inşasında əsas rol oynaya bilər.
Komanda-idarəetmə və döyüş idarəetmə sistemləri mövzusu isə ən həssas, eyni zamanda ən perspektivli sahədir. Müasir müharibənin əsas prinsipi “şəbəkə mərkəzli əməliyyat” konsepsiyasıdır. Bu konsepsiyaya görə, döyüş meydanında üstünlük ayrı-ayrı silah sistemlərinin gücü ilə deyil, bütün sensorlar, atəş vasitələri, komanda mərkəzləri və logistik qovşaqlar arasında real vaxt rejimində məlumat mübadiləsinin keyfiyyəti ilə müəyyən olunur. ABŞ bu sahədə dünya lideridir. “Link 16” tipli taktiki məlumat ötürmə şəbəkələri, şifrələnmiş rəqəmsal rabitə kanalları, döyüş idarəetmə proqram təminatı və vahid əməliyyat şəkli platformaları ABŞ ordusunun əsas üstünlük mənbəyidir. Lakin burada da realist olmaq lazımdır. “Link 16”nın tam versiyası yalnız NATO ölkələrinə və ən yaxın müttəfiqlərə verilir. Digər tərəfdaşlara adətən məhdud funksionallığa malik versiyalar və ya alternativ taktiki məlumat şəbəkələri təklif olunur. Azərbaycan üçün ən ehtimal olunan variant ABŞ şirkətlərinin hazırladığı ixrac versiyalı komanda-idarəetmə platformalarıdır. Bu platformalar mövcud silah sistemlərini istər Rusiya, istər İsrail, istərsə də Türkiyə istehsalı olsun, vahid rəqəmsal şəbəkədə birləşdirə bilər. Bu, Azərbaycanın hərbi modernizasiyasında ən böyük keyfiyyət sıçrayışı ola bilər, çünki mövcud platformaların ayrı-ayrılıqda güclü olması kifayət deyil, onların koordinasiyalı şəkildə işləməsi vacibdir.
Radioelektron mübarizə sahəsi “texniki sistemlər” kateqoriyasının ən geniş və ən az müzakirə olunan hissəsidir. Müasir döyüş mühitində elektromaqnit spektrə nəzarət fiziki əraziyə nəzarət qədər əhəmiyyətlidir. Radioelektron mübarizə üç əsas komponentdən ibarətdir: radioelektron hücum (basdırma, aldatma, siqnal boğma); radioelektron müdafiə (öz sistemlərinin interferensiyadan qorunması) və radioelektron kəşfiyyat (düşmən siqnallarının ələ keçirilməsi, analizi və mənbəyinin lokallaşdırılması). ABŞ bu sahədə qabaqcıl texnologiyalara malikdir. “L3Harris”, “Northrop Grumman”, “Raytheon” və “BAE Systems” kimi şirkətlər mobil və stasionar radioelektron mübarizə platformaları istehsal edir. Bu sistemlər pilotsuz uçuş aparatlarının idarəetmə kanallarını pozmaq, peyk naviqasiya siqnallarını məhdudlaşdırmaq, düşmənin rabitə şəbəkəsini çaşdırmaq və radar siqnallarını analiz etmək qabiliyyətinə malikdir.

2020-ci ilin payızındakı müharibə təcrübəsi Azərbaycan üçün radioelektron mübarizənin strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. O müharibədə Azərbaycan Türkiyə və İsrail istehsalı pilotsuz uçuş aparatlarından effektiv şəkildə istifadə etdi. Lakin eyni texnologiyaların qarşı tərəf tərəfindən də inkişaf etdirildiyi mühitdə həm hücum, həm müdafiə sahəsində radioelektron mübarizə qabiliyyətinin gücləndirilməsi prioritet məsələyə çevrilir. ABŞ istehsalı radioelektron mübarizə sistemlərinin Azərbaycana satışı texniki baxımdan mümkündür, lakin burada da ixrac versiyaları söhbət mövzusudur. ABŞ öz ordusunda istifadə etdiyi tam spektrli sistemləri üçüncü ölkələrə satmır. Lakin ixrac variantları belə mövcud sistemlərlə müqayisədə əhəmiyyətli keyfiyyət artımı təmin edə bilər.
Yüksək dəqiqlikli sursat mövzusu Trampın açıqlamasında birbaşa qeyd olunmasa da, “digər məhsullar” kateqoriyasına aiddir. ABŞ yüksək dəqiqlikli sursat texnologiyasında dünya lideridir. JDAM idarəetmə dəstələri adi aviasiya bombalarını peyk idarəli dəqiq sursata çevirir. “Excalibur” tipli 155 mm artilleriya mərmiləri peyk tuşlama ilə metrlik dəqiqlik təmin edir. Həmçinin artilleriya sursatlarının da satışı mümkündür. Azərbaycan NATO standartlarına uyğun 155 mm haubitsalar əldə edərsə (Türkiyə istehsalı “T-155 Fırtına” artıq bu kalibrdədir), ABŞ istehsalı dəqiq artilleriya sursatlarının inteqrasiyası mümkün olur. Eyni zamanda, peyk idarəli raket sistemləri üçün də bu prinsipi tətbiq etmək olar, lakin HIMARS və ya ATACMS kimi platformaların Azərbaycana satışı hazırda real deyil. Bu sistemlər ABŞ-nin ən həssas ixrac kateqoriyasındadır və yalnız ən yaxın müttəfiqlərə verilir. Ukraynaya verilməsi müstəsna hal idi və birbaşa ABŞ-nin geosiyasi prioritetləri ilə bağlı idi.
Pilotsuz sistemlər sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı fərqli dinamikaya malikdir. Azərbaycan artıq Türkiyə istehsalı “Bayraktar TB2”, “Bayraktar Akıncı” və İsrail istehsalı “IAI Harop”, “Orbiter”, “Heron” kimi pilotsuz sistemlərlə güclü portfelə malikdir. Bu sahədə ABŞ-dən əlavə platforma almaq deyil, mövcud sistemlərin inteqrasiyasını, məlumat emalını və komanda-idarəetmə arxitekturasını gücləndirmək daha məntiqi yanaşmadır. Bununla belə, ABŞ istehsalı antidron sistemləri fərqli kateqoriyadır. Aşağı hündürlükdə uçan kiçik pilotsuz aparatlara qarşı mübarizə dünya ordularının ən aktual problemidir. ABŞ şirkətləri, xüsusilə “Raytheon”, “L3Harris” və “Anduril” bu sahədə qabaqcıl həllər təklif edir. Lazer əsaslı antidron sistemləri, radioelektron basdırma sistemləri və radar-optik-akustik sensor birləşməsi əsaslı aşkarlama platformaları Azərbaycan üçün yüksək əhəmiyyət daşıya bilər. Bu texnologiyalar ixrac nəzarəti baxımından nisbətən daha asan satıla bilən kateqoriyadır.

Kiber təhlükəsizlik infrastrukturu bütün bu sistemlərin dayanıqlığını təmin edən əsas sütundur. Müasir hərbi sistemlər şəbəkəyə bağlıdır – radarlar, komanda mərkəzləri, atəş vasitələri, logistik idarəetmə, kadr bazası. Bu şəbəkənin hər hansı bir nöqtəsinin kompromis olunması bütün sistemin effektivliyini sıfıra endirə bilər. ABŞ kiber müdafiə sahəsində dünya lideridir və bu texnologiyaların ixracı digər silah kateqoriyalarından fərqli hüquqi çərçivədə tənzimlənir. Kiber təhlükəsizlik proqram təminatı, şifrələmə alqoritmləri, müdaxilənin aşkarlanması sistemləri və kiber təlim proqramları həm dövlətlərarası, həm birbaşa kommersiya satışı mexanizmi ilə təqdim oluna bilər. Azərbaycanın rəqəmsal transformasiya prosesində (həm mülki, həm hərbi sektorda) ABŞ kiber təhlükəsizlik şirkətləri ilə əməkdaşlıq ən az siyasi müqavimətlə qarşılaşacaq sahədir.
Təlim və kadr hazırlığı “texniki sistemlər” anlayışının görünməz, lakin kritik komponentidir. Ən mürəkkəb silah sistemi belə, onu idarə edən heyətin səriştəsindən asılıdır. ABŞ-nin Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı dünya üzrə onlarla ölkənin zabit və texniki heyətinin hazırlanmasında rol oynayır. Azərbaycan zabitlərinin ABŞ hərbi akademiyalarında, texniki məktəblərində və təlim mərkəzlərində təhsil alması yalnız texniki bilik transferi deyil, həm də doktrina uyğunlaşması, əməliyyat mədəniyyəti mübadiləsi və şəxsi münasibətlər şəbəkəsinin formalaşmasıdır. Bu cür “yumşaq” əməkdaşlıq tez-tez konkret silah satışlarından daha uzunmüddətli strateji nəticə verir.

Beləliklə, “texniki sistemlər və digər məhsullar” barədə reallığa söykənən növbəti təhlilimiz aşağıdakı mənzərəni ortaya qoyur. Qısa müddətdə, bir-iki il ərzində fərdi qoruyucu vasitələr, rabitə avadanlığı, kiber təhlükəsizlik proqramları, təlim proqramları və sahil mühafizə katerləri kimi aşağı həssaslığa malik məhsulların satışı gözlənilir. Orta müddətdə, üç-beş ilə radar sistemləri, radioelektron mübarizə platformaları, antidron sistemləri və komanda-idarəetmə proqram təminatı kimi daha yüksək texnologiyalı məhsulların gündəmə gəlməsi mümkündür. Uzun müddətdə, beş ildən sonra əgər əməkdaşlıq uğurla davam edərsə və siyasi şərait uyğun olarsa, NASAMS tipli hava müdafiə sistemləri, dəqiq artilleriya sursatları və daha mürəkkəb sensor şəbəkələrinin satışı gündəmə gələ bilər. Lakin hər bir mərhələ siyasi iradə, Konqres razılığı, texniki uyğunluq qiymətləndirməsi və regional kontekstin diqqətlə nəzərə alınmasını tələb edir.
Sonda qeyd edək ki, Trampın açıqlaması yeni mərhələnin başlanğıcıdır, lakin bu mərhələnin sürəti və dərinliyi çoxsaylı dəyişənlərdən asılıdır. Ən böyük dəyişiklik konkret silah platformalarında deyil, informasiya üstünlüyü və koordinasiya qabiliyyətinin gücləndirilməsində özünü göstərə bilər. Sensor, rabitə, idarəetmə və kiber müdafiə komponentlərinin inteqrasiyası Azərbaycan Silahlı Qüvvələrinin mövcud platformalarından maksimum effektivlik əldə etməsinə şərait yaradacaq. Müasir müharibənin taleyini isə çox vaxt atəş gücü deyil, məhz bu informasiya və inteqrasiya amillərinin keyfiyyəti müəyyən edir.
Firuz Bağırov
Ordu.az