Hədəf 900 milyon dollar: MKE Misirlə birgə istehsala başlayır (VİDEO+FOTOLAR)

2026/02/mke-h-1770722893.jpg
Oxunub: 411     15:26     10 Fevral 2026    
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “World Defense Show (WDS) 2026” sərgisində “SavunmaSanayiST.com”a xüsusi açıqlamalar verən MKE-nin baş direktoru İlhami Keleş “Makina və Kimya Sənayesi”nin (MKE) yeni nəsil müdafiə konsepsiyalarını təqdim edib.

Ordu.az xəbər verir ki, müasir döyüş meydanının tələblərini EBU (Effektiv, Sadə, Ucuz) strategiyası ilə dəyərləndirdiklərini bildirən Keleş sursat xərclərindən insansız dəniz platformalarına qədər kritik layihələr üzrə son vəziyyət haqqında məlumat verib.

“Tolga” ailəsi genişlənir: 35 mm çaplı “revolver” top və lazer qülləsi

MKE-nin pilotsuz uçuş aparatlarına qarşı müdafiə üçün hazırladığı “Tolga” sistemi tərkibindəki AESA radarları və müxtəlif çaplı silah sistemləri ilə diqqət çəkir. Keleş 12,7 mm və 20 mm sistemlərdən sonra 35 mm çaplı “revolver” silah sisteminin də tamamlandığını, qüllələrin istehsalının davam etdiyini açıqlayıb.

Bu yeni sistemin dəqiqədə 1100 atım sürətinə malik olacağını, həm quru, həm də hava hədəflərinə qarşı istifadə ediləcəyini bildirən Keleş sistemin SAHA EXPO 2026-dan əvvəl sınaqlarının başa çatdırılacağını deyib.


Bundan əlavə, “Tolga” ailəsinə yalnız kinetik həllərin deyil, həmçinin yönləndirilmiş enerji (lazer) və mikrodalğa qüllələrinin də daxil ediləcəyi bildirilib.

Misirlə iri əməkdaşlıq: 130 milyon dollarlıq başlanğıc

MKE-nin ixrac baxışı ilə bağlı mühüm detalı bölüşən İlhami Keleş “Tolga” sistemi üzrə Misirlə birgə istehsal modelinə keçdiklərini qeyd edib. İlkin mərhələdə 130 milyon dollarlıq paketlə başlayan əməkdaşlığın ümumilikdə 350 milyon dollara çatdığı, növbəti mərhələdə isə 900 milyon dollar səviyyəsinə yüksəlməsinin gözlənildiyi bildirilib.


PİRANA KİDP: radara görünməyən dəniz sursatı

Dəniz sahəsində EBU həlli olan PİRANA Kamikadze İnsansız Dəniz Platforması (KİDP) haqqında danışan Keleş vasitənin fiziki dizaynının F-35 təyyarələrində olduğu kimi aşağı radar əksolunma sahəsinə malik olduğunu vurğulayıb. MKE tərəfindən hazırlanmış radar udan örtük və istiliklə yönələn raketlərə qarşı infraqırmızı davamlılıq təmin edən örtüklər sayəsində sistemin aşkarlanmasının demək olar ki, mümkünsüz olduğu qeyd edilib.

“Bizim konsepsiyamız gəmiləri birbaşa batırmaq deyil, pəri və ya göyərtə üzərindəki sensorları (radar, rabitə vasitələri) sıradan çıxararaq gəmiləri döyüş qabiliyyətindən məhrum etmək, yəni “kor və kar” vəziyyətinə salmaqdır”.

BORAN haubitsası Səudiyyə Ərəbistanında final mərhələsində

MKE-nin EBU fəlsəfəsi əsasında hazırlanmış BORAN 105 mm havadan daşına bilən haubitsası döyüş meydanındakı balansı dəyişir. Keleş BORAN üçün hazırlanmış yeni sursatların 18,5 kilometr məsafəyə çatdığını bildirib.


155 mm çaplı topların qısa məsafəli atışlarının təxminən 20 kilometr olduğunu xatırladan Keleş “1,5 kilometrlik fərq üçün ağır sistemlər, yoxsa daha mobil olan BORAN?” sualının bir çox ölkə üçün artıq BORAN lehinə cavablandığını vurğulayıb. Səudiyyə Ərəbistanında 38 ədədlik ilkin paket üçün son iki namizəddən biri olan BORAN Malayziya kimi meşəlik və çətin relyefə malik ölkələrdən də böyük maraq görür.

Səudiyyə Ərəbistanı ilə “Vizyon 2030” və yerliləşdirmə

MKE-nin Səudiyyə Ərəbistanı strategiyası yalnız məhsul satışından ibarət deyil. Keleş Türkiyənin əməkdaşlığa söykənən ixrac modelinin Səudiyyə Ərəbistanının “Vizyon 2030” yerliləşdirmə hədəfləri ilə tam uyğun olduğunu bildirib. Bu çərçivədə:

Misir modeli: “Tolga” sistemi üzrə Misirlə qurulan birgə istehsal modelinə bənzər yanaşma və 900 milyon dollarlıq ixrac hədəfi region üzrə genişləndirilir.

Partlayıcı kimyəvi maddələr: Səudiyyə qurumları SAMI və GAMI ilə partlayıcı xammallar (NC/MS) və bacarıqların əldə olunması istiqamətində dərin əməkdaşlıq aparılır.

Davamlılıq: MKE malik olduğu geniş bilik və təcrübəni dost ölkələrlə bölüşərək uzunmüddətli və davamlı həll paketi təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Misir  


Bizi "telegram"da izləyin