Erməni deputat: “Ermənistan büdcəsinin çiyinlərinə əlavə 9 milyardlıq borc yükləmək imkanı yoxdur”

2026/02/sdf12-1770720509.jpg
Oxunub: 329     14:46     10 Fevral 2026    
“Söhbət 9 milyard dollardan və ABŞ-nin “nou-hau”su hesab edilən modulyar Atom Elektrik Stansiyalarından (AES) gedir”.

Ordu.az xəbər verir ki, bunu gün Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan ABŞ vitse-prezidenti Cey Di Vensin çıxışındakı “ixrac” sözünün tərcüməçi tərəfindən səhvən “investisiya” kimi tərcümə olunmasına toxunarkən deyib.

“Mən nəinki “investisiya” sözünü eşitməmişəm, ümumiyyətlə investisiya haqqında söhbət belə olmayıb. Cəmiyyətdə belə bir çəhrayı optimizm yayılıb ki, guya indi ABŞ vitse-prezidenti Bakıdan Vaşinqtona çatan kimi həmin 9 milyardın ilk 5 milyardını bu bir-iki saat ərzində hesaba köçürəcək, biz də onu 3 milyon vətəndaş arasında böləcəyik və hər kəs 1,7 milyon alacaq. Bu, qətiyyən belə deyil.

Söhbət 9 milyardlıq bir layihədən gedir ki, onun maliyyə mənbələri ən azından mənim üçün aydın deyil. Söhbət qətiyyən Birləşmiş Ştatlar tərəfindən verilən pullardan getmir. Söhbət ondan da getmir ki, ABŞ-nin özəl şirkətləri gəlib pul yatırsınlar, Ermənistandan işçi qüvvəsi və mal alsınlar, xidmətlər kirayələsinlər və sıfırdan atom elektrik stansiyası tiksinlər. Əlbəttə, əgər Ermənistan bunun qarşılığını ödəsə, onlar bunu edəcəklər. Mənim başa düşdüyüm o idi ki, burada ABŞ sadəcə öz texnologiyasını təqdim edir və Ermənistana satır.

O 9 milyard haradandır, mən həqiqətən təsəvvür etmirəm, Ermənistan büdcəsinin çiyinlərinə əlavə 9 milyardlıq borc yükləmək imkanı yoxdur. İstisna etmirəm ki, həmin 9 milyardın müəyyən bir hissəsi texniki və ya məsləhət dəstəyi, yaxud texnoloji yardım, qrant şəklində olsun. Lakin 9 milyarddan 4 milyardının yardım olacağı qeyri-mümkündür. Məsələn, 100-200 milyonu yardım ola bilər”, - deyə Xaçatryan bildirib.

O qeyd edib ki, ABŞ tərəfindən təklif olunan modulyar AES-lər nəzəri cəhətdən daha yaxşıdır: “Çünki əvvəlcə kiçik birini tikirsən, ehtiyac olduqda bir az artırırsan, yenə lazım gəlsə daha da böyüdürsən”.

Erməni deputat sual verib: “Görəsən onlar sınaqdan keçirilibmi? Dünyada fəaliyyət göstərən stansiyaların neçəsi modulyar, neçəsi klassikdir? Onlar öz səmərəliliyini və ən əsası təhlükəsizliyini sübut ediblərmi?

Həmçinin yanacaq problemi də var ki, onu almalısan. Bu çox baha bir zövqdür və sənə satacaqları da hələ fakt deyil. Yanacağı gətirməli, istifadə etməli və sonra hələ o dəhşətli, təhlükəli, radioaktiv tullantıları kənara çıxarmalısan, çünki Ermənistanın onları emal etmək imkanı yoxdur.

Yəni, bu kompleks tədbirin təfərrüatları məlum olmayınca hər hansı mülahizə yürütmək çox çətindir. Amma o 9 milyardın investisiya və ya humanitar yardım olmadığı gün kimi aydındır”.

Xaçatryan AES-in hər kəsə satılan bir hamburqer olmadığını vurğulayıb: “Müəyyən filtrlərdən keçməlisən və bu göstərir ki, 1991-ci ildən etibarən Ermənistan-ABŞ münasibətlərində artım müşahidə olunur, bu, aydındır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin