Ordu.az xəbər verir ki, bunu MDB ölkələri İnstitutunun aparıcı elmi işçisi, rusiyalı politoloq, iqtisadiyyat üzrə elmlər namizədi, beynəlxalq iqtisadi münasibətlər sahəsində ekspert Aleksandr Dudçak “Sputnik Armenia” tərəfindən təşkil olunan “Cənubi Qafqaz mühüm logistika marşrutlarının kəsişmə nöqtəsi kimi” mövzusunda videokonfrans zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-nin hazırkı administrasiyası blefin ustasıdır və Trampın dediklərinin dəyəri azdır, bu gün bir şey deyir, sabah isə başqa bir şey.
“Qəribə məbləğlər səsləndirilir, sual yaranır ki, əslində bunu kim ödəyəcək. Dəfələrlə olub ki, hətta qısamüddətli perspektivdə belə Trampın açıqlamaları sırf təəssürat yaratmaq məqsədi daşıyıb. Bu bəyanat enerji şirkətlərinin səhmlərinin artımına yönələ bilər və bu onlara kifayətdir. Həmin investisiyalar olmayacaq”, - deyə ekspert qeyd edib.
Dudçak bildirib ki, vacib olan “Amerika bizimlədir” deməkdir.
“Amma tarix dərs keçmir, öyrənilməmiş dərslərə görə cəzalandırır. Növbəti dəfə “qulaqlardan əriştə asırlar”. Burada Avropa da vizasız rejim vəd edir. Sonra deyəcəklər ki, bacarmadılar, dünyada böhran var, özünüz baş çıxarın. Məsələ yalnız Ermənistan deyil, daha çox kiminsə səhm məzənnələri üzərindən qazanc əldə etməsidir. Amma acınacaqlısı odur ki, bütöv bir xalqı, bir dövləti şahmat taxtasında fiqur kimi istifadə edirlər. Ümid edirik ki, Ermənistan oyunun getdiyi Ukrayna kimi taxtaya çevrilməyəcək”, - deyə politoloq sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az