Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayakve” birliyinin şura üzvü, Hərbi Sənaye Komitəsinin sabiq rəhbəri Avetik Kerobyan Ermənistanın ABŞ-dən 11 milyon dollar dəyərində V-BAT kəşfiyyat PUA-ları almasının açıqlanmasına münasibət bildirərkən deyib.
“Bəzi sistemlər var ki, onlar haqqında danışılır və şübhəsiz ki, haqqında danışılmayan məqamlar da mövcuddur. Hər halda bunlar 10-13 saat uzunmüddətli uçuş imkanına malikdir, benzin mühərriklidir və 100 km/saatadək sürətlə uçan nisbətən yavaş PUA-lardır.
Bu PUA-lar ilkin olaraq donanma üçün hazırlanıb, yəni yaxın zonada uzunmüddətli patrul xidməti aparmaq və aviadaşıyıcı zərbə qrupuna hər hansı suüstü hədəflərin yaxınlaşmasına imkan verməmək məqsədi daşıyır. Bununla yanaşı, demək olar ki, onlar quru şəraitində də istifadə oluna bilər”, - deyə o qeyd edib.
Kerobyan bildirib ki, ötən il ABŞ tərəfindən Rumıniyaya bu tip PUA-lar tədarük edilib.
“Həmin müqavilənin dəyəri iki sistem üçün təxminən 30 milyon dollar olub və hər sistem dörd PUA-dan ibarət olub. Yəni dünən açıqlanan 11 milyon dollar məbləği ən çoxu dörd PUA-dan ibarət bir sistemə aiddir.
Bu PUA-lar modifikasiyadan asılı olaraq 10 və ya 13 saat havada qala bilir. Bizim şəraitdə bu, lazım olandan da artıqdır. 10-13 saat fasiləsiz havada qalma halında vurulma və ya aşkar edilib məhv edilmə ehtimalı olduqca yüksəkdir”, - deyə o bildirib.
Kerobyan deyib ki, bu PUA-lar uçuş zolağı tələb etmir, yerində qalxır və təxminən 10 kvadratmetr sahədə həm qalxma, həm də enişi təhlükəsiz şəkildə həyata keçirə bilir.
“Son modifikasiyalar operatorun iştirakını tələb etmir. Yəni qurğunu yerləşdirirsən, məsafədən idarə edirsən, o qalxır, tapşırığını yerinə yetirir, eniş meydançasına qayıdır və avtomatik eniş edir. Burada insan müdaxiləsinə ciddi ehtiyac yoxdur.
Bu sistemlər artıq Rusiya-Ukrayna müharibə teatrında ad çıxarıb, təxminən 40 kilometr dərinliyə uğurlu uçuşlar həyata keçirərək Rusiya hava hücumundan müdafiə sistemlərini aşkarlayıb”, - deyə Kerobyan vurğulayıb.
O bildirib ki, yerli şirkətlər kəşfiyyat PUA-ları sahəsində kifayət qədər ciddi nailiyyətlərə malikdir və erməni PUA-ları həm 2020-ci il müharibəsində, həm də 2022 və 2023-cü illərdə istifadə olunub: “Yəni elə deyil ki, bizim bu cür PUA-lara xüsusi ehtiyacımız var idi. Bizim yerli şirkətlərin PUA-ları GPS olmadan uça bilir. Bizim şəraitdə bunların tətbiqi unikal deyil, yerli şirkətlər çoxdan həm kəşfiyyat imkanlarını, həm də GPS və radioəlaqə pozuntuları şəraitində uçuş və əməliyyat aparmaq bacarıqlarını mənimsəyiblər. Kəşfiyyat baxımından bunlar xüsusi yeni imkanlar əlavə etmir.
Lakin bununla yanaşı, bu sövdələşmənin siyasi əhəmiyyətini də qiymətdən salmaq olmaz. Belə sistemlər hər kəsə satılmır və satıldıqda da ciddi nəzarət altında olur. Bu, hərbi deyil, daha çox siyasi əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az