Ordu.az xəbər verir ki, sual Simonyana bu gün keçirilən brifinq zamanı jurnalistlər tərəfindən ünvanlanıb.
Simonyan sualı yanlış adlandıraraq cavab verməyib.
Eyni zamanda o, Moskvaya son səfəri ilə bağlı təəssüratlarını kifayət qədər açıq şəkildə bölüşüb və görüşlər zamanı Rusiya tərəfindən qaynaqlanan “hibrid təhdidlər”lə əlaqəli bütün tanınmış şəxsləri “adbaad” sadaladığını bildirib. Lakin Simonyan jurnalistlər üçün konkret adlar çəkməyib, çünki söhbət qapalı formatda baş tutub və onun detallarını açıqlamaq yenə də düzgün hesab olunmur.
“Dedim ki, Ermənistanda “xüsusi hərbi əməliyyat”ın həyata keçirilməsi ilə bağlı söhbətlər gedir. Hər şeyi açıq dedim. Həmişə olduğu kimi cavab verdilər ki, belə bir şey yoxdur və bu cür fikirləri ayrı-ayrı şəxslər səsləndirir. Bildirdilər ki, bunda maraqlı deyillər… Nəyin onları narahat etdiyini də dedilər, hətta seçkilərdə bizə uğurlar arzuladılar. Bəli, istəsəniz, dəstək verdilər”, - deyə Simonyan bildirib və eyni zamanda rəsmi dairələrin və media orqanlarının, o cümlədən dövlət mediasının mövqelərinin kəskin şəkildə fərqləndiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az