Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Tramp marşrutu” layihəsinə gəlincə, biz mövqeyimizi saxlamışıq. Ermənistan-ABŞ təşəbbüsünün detalları hələ öyrənilməlidir. İrəvandakı tərəfdaşlarla məsləhətləşməyə, həm parametrləri, həm də bu və ya digər formada Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırıq”, - deyə diplomat bildirib.
Qaluzin xatırladıb ki, 2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkətinin idarəçiliyindədir, ölkədə Rusiya enində dəmir yolu istifadə olunur və İranla sərhəddə Rusiya sərhədçiləri yerləşdirilib.
“Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü amili də nəzərə alınmalıdır. Bu şərtlər daxilində tərəfdaşların Rusiyasız iş görə bilməyəcəyi açıq-aydındır”, - deyə nazir müavini vurğulayıb.
Qaluzin həmçinin qeyd edib ki, regionda kommunikasiyaların açılması istiqamətində artıq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli format çərçivəsində, baş nazir müavinləri səviyyəsində əhəmiyyətli iş təcrübəsi toplanıb.
Alpər Mövludoğlu
Ordu.az