Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, elə bir sistem formalaşır ki, burada Türkiyə əsas rol oynayır, ABŞ-Azərbaycan münasibətləri iki subyekt arasındakı münasibətlərdir, Ermənistan isə obyekt statusundadır.
Surenyants qeyd edib ki, Ermənistan bütöv bir yeni arxitekturanın xidmətçisinə, proksi müharibənin alətinə çevrilib.
“Tramp öz sosial şəbəkəsində ABŞ vitse-prezidenti Vensin İrəvan və Bakıya səfərini elan edəndə, hətta o qısa mətndə də qeyd edirdi ki, Vensin əsas işi Bakıda olacaq. Orada silah ticarəti ilə bağlı məsələlər müzakirə ediləcək, Ermənistanda isə mahiyyət etibarilə sınaqdan keçirilməmiş modul atom elektrik stansiyaları mövzusu gündəmə gələcək. Ermənistanda müzakirə ediləcək məsələlərin regiona hər hansı təsiri olmayacaq. Pelosi Ermənistana gələndə də eyni uşaqvari coşqu var idi, halbuki ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyib və verməyəcək”, - deyə Surenyants bildirib.
O qeyd edib ki, Rusiya təhlükəsizlik sisteminin qeyri-kamil alternativi Azərbaycanın tabeliyinə çevrilməkdir.
“Mən istəyirəm ki, vətəndaşlarımız bilsin: Rusiya təhlükəsizlik sisteminin qeyri-kamil alternativi Azərbaycanın tabeliyinə çevrilməkdir. ABŞ-nin ümumiyyətlə vecinə deyil ki, Ermənistan hansı ölçülərdə olacaq və ya Azərbaycan nə dərəcədə razı qalacaq. Onların əsas məqsədi Türkiyənin təsirindən istifadə edərək regiondan Rusiyanın, İranın və Çinin təsirini sıxışdırıb çıxarmaq və Mərkəzi Asiyanın faydalı qazıntılarını Avropaya çatdırmaqdır. TRIPP (Zəngəzur dəhlizi-red.) Ermənistan haqqında deyil, hətta Cənubi Qafqaz haqqında da deyil. Əgər Nikol Paşinyan ölkəni Qərbin xırda puluna çeviribsə, bunda kim günahkardır?”, - deyə Surenyants bildirib.
Alpər Mövludoğlu
Ordu.az