Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Vens ilk dəfə Ermənistana səfər etdi: nüvə sazişi, geosiyasət və ailə qlobal səhnədə” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin strateji inkişafı baxımından əlamətdar hadisə kimi qiymətləndirilir və Vaşinqtonun Cənubi Qafqaza artan marağını nümayiş etdirir.
“Səfər çərçivəsində Vens Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Əsas nəticə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlığa dair, “123 sazişi” kimi tanınan razılaşmanın imzalanması olub. Bu sənəd Ermənistanda ABŞ nüvə texnologiyalarının lisenziyalaşdırılması, həmçinin milyardlarla dollar dəyərində avadanlıq, yanacaq və xidmətlərin ixracı üçün hüquqi baza yaradır. Bu addım İrəvanın enerji mənbələrinin şaxələndirilməsi və ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirilir.
C.D. Vens kimdir?
C.D. Vens 1984-cü il avqustun 2-də ABŞ-nin Ohayo ştatının Middltaun şəhərində anadan olub. O, Yel Universitetinin Hüquq Məktəbində təhsil alıb, ABŞ Dəniz Piyada Korpusunda xidmət edib və İraq müharibəsində iştirak edib. Vens daha çox “Hillbilly Elegy” adlı kitabı ilə tanınır. Bu əsər işçi sinfin mədəniyyətini və ABŞ cəmiyyətinin qarşılaşdığı problemləri araşdırır”, - deyə müəllif bildirib.
KİV vurğulayıb ki, 2022-ci ildə siyasi fəaliyyətə başlamasından sonra Vens Ohayodan senator seçilib, 2024-cü ildə isə Donald Trampın vitse-prezidentliyə namizədi olub.
“2025-ci ildə o, rəsmi olaraq ABŞ-nin vitse-prezidenti vəzifəsini icra etməyə başlayıb.
Şəxsi həyatı: həyat yoldaşı və uşaqları
Vens Uşa Çilukuri Vens ilə evlidir. Onlar Yel Universitetinin Hüquq Məktəbində tanış olublar. Uşa Kaliforniyada hindistanlı mühacir ailəsində doğulub və böyüyüb. O, baş hakim Con Roberts də daxil olmaqla, bir sıra ali məhkəmə hakimlərinin yanında hüquqi köməkçi kimi çalışıb, daha sonra isə özəl hüquq fəaliyyəti ilə məşğul olub. 2025-ci ildə ailə həyatına daha çox vaxt ayırmaq və həyat yoldaşını dəstəkləmək üçün hüquqi fəaliyyətdən ayrılıb.
Cütlük 2014-cü ildə evlənib. C.D. və Uşa Vens üç uşaq böyüdürlər: iki oğul – Yuen və Vivek, bir qız – Mirabel. Onların böyük oğlu Evan 2017-ci ilin iyununda, ortancıl oğlu Vivek 2020-ci ilin fevralında, qızları Mirabel isə 2021-ci ilin dekabrında anadan olub. Ailə uşaqlarını əsasən siyasi diqqət mərkəzindən uzaq saxlamağa çalışsa da, onlar andiçmə mərasimi də daxil olmaqla rəsmi tədbirlərdə görünüblər”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, 2026-cı ilin yanvarında Vens ailəsi dördüncü övladlarını, bir oğlan uşağını gözlədiklərini açıqlayıb.
“Onun 2026-cı ilin yayında dünyaya gələcəyi gözlənilir. Bu hadisə tarixi hesab olunur, çünki Uşa Vens Ağ Evdə olduğu dövrdə hamiləliyini açıqlayan ABŞ vitse-prezidentinin ilk həyat yoldaşı olub.
Vensin uşaqları ailə dəyərləri və inanca bağlılığı birləşdirən mühitdə böyüyürlər. Ailə övladlarını xristian ənənələri əsasında tərbiyə edir, böyük uşaqlar isə dini məktəblərə gedirlər.
Səfərin əhəmiyyəti
C.D. Vensin Ermənistana səfəri təkcə diplomatik addım deyil, həm də ABŞ-nin Qafqaz regionunda, xüsusilə Rusiyanın təsirinin azalması fonunda, daha dərin şəkildə iştirakının rəmzidir. Nüvə sazişinin imzalanması ikitərəfli əməkdaşlığa yeni impuls verir, ABŞ-nin Birinci Ailəsinin qlobal səhnədə iştirakı isə bu istiqamətin əhəmiyyətini ön plana çıxarır.
Ümumilikdə, səfər ABŞ administrasiyasının İrəvanla dialoqu aktivləşdirmək və müttəfiqlərlə əlaqələri təkcə hərbi və siyasi deyil, həm də texnoloji və iqtisadi sahələrdə möhkəmləndirmək niyyətində olduğunu göstərir”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az