“Bloomberg”: ABŞ ölkənin Rusiya asılılığını azaltmaq üçün Ermənistanın atom energetikasına 9 milyard dollar sərmayə qoyacaq

2026/02/1770655773.jpg
Oxunub: 404     10:50     10 Fevral 2026    
ABŞ Ermənistanın mülki atom energetikası sahəsinin inkişafına 9 milyard dollara qədər sərmayə qoyacaq ki, bu da ölkənin Rusiyadan uzunmüddətli enerji asılılığını azaltmağa kömək edəcək. Bu barədə ABŞ-nin vitse-prezidenti C.D. Vens Vaşinqton və İrəvan arasında mülki atom energetikası sahəsində əməkdaşlıq sazişinin imzalanmasından sonra bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu, ABŞ tərəfindən 5 milyard dollara qədər ilkin ixracı, üstəgəl 4 milyard dollar həcmində əlavə uzunmüddətli dəstəyi nəzərdə tutur”, - deyə Vens İrəvanda keçirilən brifinq zamanı bildirib.

“Bloomberg”in məlumatına görə, saziş ABŞ-nin nüvə texnologiyalarının, yanacağının və xidmətlərinin ixracı üçün hüquqi çərçivə müəyyən edir. Sənəd sovet dövründə inşa edilmiş və Ermənistanın elektrik enerjisi istehsalının təxminən 40 faizini təmin edən, köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının müasir kiçik modul reaktorlarla əvəzlənməsi layihəsində ABŞ-də yerləşən şirkətlər üçün imkanlar açır. Vens vurğulayıb ki, bu əməkdaşlıq formatı həm ABŞ-nin, həm də Ermənistanın enerji təhlükəsizliyini möhkəmləndirir və yeni iş yerləri yaradır.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, saziş ABŞ və Ermənistan arasında enerji münasibətlərində “yeni səhifə” açır və təhlükəsiz, innovativ texnologiyaların tətbiqi yolu ilə ölkənin enerji balansını şaxələndirəcək.

SSRİ-nin dağılmasından sonra Ermənistan enerji baxımından Moskvadan asılı vəziyyətdə qalıb. “Metsamor” Atom Elektrik Stansiyası Rusiya dövlət korporasiyası “Rosatom” tərəfindən idarə olunur, stansiyanın nüvə yanacağı isə Rusiyadan tədarük edilir. Agentliyin məlumatına görə, Vensin İrəvana səfəri ərəfəsində “Rosatom”un nümayəndələri Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşərək atom energetikası sahəsində “hərtərəfli əməkdaşlıq” təklif ediblər.

Eyni zamanda, Paşinyan hökuməti getdikcə daha açıq şəkildə Qərb nüvə texnologiyalarına keçmək niyyətini ifadə edir və bunu diversifikasiya və enerji suverenliyi istəyi ilə əsaslandırır. “Bloomberg”in vurğuladığı kimi, erməni rəsmiləri bu seçimi yalnız kommersiya deyil, strateji qərar hesab edirlər.

Agentlik qeyd edir ki, nüvə sazişi ABŞ-nin Cənubi Qafqazda, Rusiya, Türkiyə və İran arasında yerləşən regionda mövqeyini gücləndirmək səylərinin bir hissəsidir və bu proses regional ittifaqların transformasiyası fonunda baş verir. Vaşinqton və İrəvan müdafiə sahəsində əməkdaşlığı da genişləndirir. Paşinyanın sözlərinə görə, Ermənistan ABŞ istehsalı olan, dəyəri 11 milyon dollar olan pilotsuz uçuş aparatları partiyası alıb.

Çərşənbə axşamı, fevralın 10-da Vens Bakıya səfər edəcək. Gözləntilərə görə, ABŞ və Azərbaycan nümayəndələri müdafiə və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin