“Hetq”: Xaçatryanların ABŞ-də yerləşən evinin satışından Ermənistan indiyədək vəsait almayıb

2026/02/l-MBw-1770639647.jpg
Oxunub: 378     16:19     09 Fevral 2026    
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Qaqik Xaçatryanın oğullarına məxsus ABŞ-də yerləşən malikanənin satışından əldə olunan vəsaitin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı hələlik yenilik yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşr xatırladıb ki, Xaçatryanlara məxsus Los-Ancelesdə yerləşən dəbdəbəli malikanə 2025-ci il yanvarın 7-də 36 milyon ABŞ dollarına satılıb.

Bundan əvvəl, 2024-cü il iyulunda Ermənistan Baş Prokurorluğu bildirmişdi ki, həmin ilin iyununda Qurgen və Artyom Xaçatryanlar ABŞ dairə məhkəməsinə əmlakın müsadirəsi ilə bağlı razılaşmanın əldə olunması üçün müraciət edib və qısa müddət sonra məhkəmənin qərarı ilə bu razılaşma təsdiqlənib.

“Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus, Los-Ancelesdə yerləşən və cinayət yolu ilə əldə olunmuş əmlak hesab edilən malikanə məhkəmə qərarı ilə müsadirə olunacaq və ən yüksək bazar dəyəri ilə satılacaq. Malikanənin satışından əldə edilən vəsaitin əsas hissəsinin Ermənistana qaytarılması məsələsi üzrə Baş Prokurorluqla ABŞ-nin səlahiyyətli qurumu arasında danışıqlar aparılır”, - deyə Ermənistan Baş Prokurorluğu açıqlama vermişdi.

KİV qeyd edib ki, bunun ardınca Xaçatryan qardaşlarının ABŞ-də maraqlarını müdafiə edən “Vinson & Elkins” şirkəti bəyanat yayıb.

“Bəyanatda qeyd olunub ki, ABŞ Ədliyyə Departamenti 2024-cü il iyununda Xaçatryanlara qarşı aparılan istintaqı dayandırıb. Şirkətin açıqlamasında bildirilir ki, istintaqın dayandırılması və müsadirə işinin dayandırılması qərarı əsasında Ədliyyə Departamenti ilə Xaçatryanlar müsadirə ilə bağlı yerinə yetirilməmiş öhdəliklərin də həlli üçün razılaşma əldə ediblər. Razılaşmaya əsasən, “Holmby Hills” ərazisində yerləşən daşınmaz əmlak satılacaq və əldə olunan gəlir tərəflər arasında bölüşdürüləcək. Satışdan əldə edilən vəsaitin bir hissəsi Xaçatryanlara veriləcək, digər hissəsi isə onların müraciəti əsasında Ermənistana, erməni xalqının xeyrinə təqdim olunacaq.

2025-ci il mayın 8-də Baş prokuror Anna Vardapetyan İctimai Televiziyanın efirində Xaçatryanların evinin satışından əldə olunan vəsaitin bir hissəsinin alınması ilə bağlı açıqlama verərək bildirib:

“Malikanə bu ilin əvvəlində satıldı və amerikalı tərəfdaşlarla kifayət qədər mürəkkəb və peşəkar bir yol keçdik. ABŞ-də daşınmaz əmlakın həbs edilməsi üçün zəruri olan bir sıra sənədləri Ermənistan Baş Prokurorluğu təqdim etdi və həmin sənədlər əsasında əmlak üzərinə həbs qoyuldu. Daha sonra Xaçatryan ailəsi ABŞ-nin səlahiyyətli qurumuna barışıq təklifi etdi. Təklifə əsasən, satışdan əldə olunan vəsaitin 85 faizi ABŞ hökumətinə verilir, 15 faizi isə onlarda qalır. Bundan sonra biz tərəfdaşlarımızla danışıqlara başladıq, çünki xarici ölkə ərazisində yerləşən əmlakın dəyərinin müəyyən faizi həmin ölkəyə güzəştə gedilməlidir. Amerikalı tərəfdaşlarla hazırda şifahi razılaşmamız var və onların mövqeyinə görə, vəsaitin təxminən 80 faizi Ermənistana köçürülməlidir. Bizdən gözlənilən bütün addımları atmışıq və hazırda ABŞ tərəfinin hərəkətlərini gözləyirik”, - deyə müəllif bildirib.

Nəşrə görə, Vardapetyanın açıqlamasından aydın olur ki, Ermənistan tərəfi ümumi məbləğin 68 faizini almağı gözləyir.

“Hetq” Ermənistan Baş prokurorundan bu istiqamətdə hansı praktiki addımların atıldığını, əgər real irəliləyiş yoxdursa, bunun səbəbinin nə olduğunu soruşub.

Ermənistan Baş Prokurorluğundan bildirilib ki, yeni məlumat olduqda qurum rəsmi açıqlama ilə çıxış edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçatryanlar   Ermənistan  


Bizi "telegram"da izləyin