Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan ictimai multipleksdə Ermənistanın daxili siyasi həyatına müdaxilə cəhdləri edən Rusiya telekanallarının yayımlanması ilə bağlı səsləndirilən fikrə münasibət bildirərkən deyib.
“O telekanallar dövlət müqavilələri əsasında yayımlanır və həmin müqavilələrdə tərəfdaşlarımızın işə saldığı mexanizmlər mövcuddur. Məsələn, dövlət telekanalı vasitəsilə anti-dövlət siyasəti və ya təbliğat aparılanda, biz bu barədə açıq danışırıq və alətlərdən istifadə edirik. Bu dinamik prosesdir və elə deyil ki, bir gün nəsə edəsən və hər şey bitsin.
Bununla belə, biz bir çox ölkə ilə münasibətlərə malikik və bu münasibətlər həmişə hamar olmur. Yalnız problemsiz münasibətlər gözləmək çətindir. Bir çox ölkə ilə əlaqələrdə də problemlər var və bu problemlər həll edilməlidir”, - deyə o bildirib.
Müxalifət qüvvələrinin bəzilərinin nəinki mükafat almayacaqları, hətta Baş nazirin 1 dram maaş alacağı barədə açıqlamalarına münasibət bildirən erməni nazir deyib: “Bəli, onlar oliqarx rəhbərlərindən zərflə pul alacaqlar, düzdür? Cavab budur. Necə ki, əvvəlki bir çox hökumətlər dövründə bunun baş verdiyini dəfələrlə eşitmişik və həmin nazirlər həmin şəxslərin şəxsi işçiləri olublar, Ermənistanın hökumət üzvləri yox. Bu, təkcə qəbuledilməz deyil, həm də bu cür işləməyə razılaşan istənilən hökumət üzvü üçün alçaldıcıdır”.
“Əvvəllər nazirlərin zərflə pul aldığını sübut edə bilərsinizmi?” sualına Torosyan yalnız belə cavab verib: “Sağ olun, sizə uğurlu gün arzulayıram”.
Alpər Mövludoğlu
Ordu.az