Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan jurnalistin Rusiya xarici işlər naziri Sergey Lavrovun “10 noyabr sənədi aktualdır, “həyat qabiliyyətlidir” və kommunikasiya məsələləri onun çərçivəsində həll oluna bilər” bəyanatına dair sualını cavablandırarkən bildirib.
Lavrovun digər açıqlamasına, guya Ermənistana şimaldan seçkilərə müdaxilə və daxili siyasi vəziyyəti gərginləşdirmə ilə bağlı təhdidlərin olması barədə danışmağın qəribə olduğu fikrinə münasibət bildirən Torosyan deyib: “Biz tez-tez informasiya hücumları görürük. Bu hücumlar müəyyən dairələr tərəfindən yönləndirilir və digər ölkələrdə baş verən oxşar informasiya hücumlarına bənzəyir. Həmin hallarda da bu hücumların demokratik seçkilərin keçirilməsini istəməyən ölkələr tərəfindən yönləndirildiyi iddia olunurdu.
Biz vətəndaşlarımızla bu mövzuda dialoqu və şəffaflığı çox vacib hesab edirik. Məsələn, süni şəkildə yaradılmış bir günlük saytda hansısa xəbər yaranıb yayılmağa başlayanda, istər rus dairələrində, istərsə də rus mənbələrindən hər şeyi kopyalayan erməni dairələrində yayılanda, vətəndaşımız bilməlidir ki, bu, yalandır və bu və ya digər qüvvəyə, prosesə, o cümlədən sülhə qarşı yönəldilmiş məqsədli əks-təbliğatdır. Burada gizlədiləcək və ya pis heç nə yoxdur. Əksinə, hamımız danışmalıyıq ki, vətəndaşlarımız reallığı dezinformasiyadan ayıra bilsin və xüsusilə bu seçkiqabağı dövrdə seçim edərkən şüurlu qərar versinlər, bu və ya digər qüvvələrin, yaxud ölkələrin, o cümlədən sosial medianın, məzmunu cəlbedici görünə bilən, lakin tamamilə saxta olan naməlum videoların təsiri altında yönləndirilmiş seçim etməsinlər. Məncə, bu barədə danışmaq təkcə bizim hüququmuz deyil, həm də borcumuzdur”.
Alpər Mövludoğlu
Ordu.az