Ordu.az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu X sosial şəbəkəsində yazıb.
“Mənbələrin məlumatına görə, vitse-prezident Vensin Cənubi Qafqaza səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan fevralın 19-da Trampın “Sülh Şurası” sammitində iştirak etmək üçün Vaşinqtona getməyi planlaşdırırlar”, - deyə o qeyd edib.
Daha əvvəl “Axios” nəşri amerikalı rəsmi şəxsə və Şuranın üzvü olan dörd ölkənin diplomatlarına istinadən yazmışdı ki, Ağ Ev fevralın 19-da Qəzza məsələsi üzrə “Sülh Şurası” liderlərinin görüşünü keçirməyi planlaşdırır. Məlumata görə, ABŞ administrasiyası bu görüşdən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasına dəstək vermək və regionun bərpası üçün vəsait cəlb etmək məqsədilə istifadə etmək niyyətindədir.
“Bu, “Sülh Şurası”nın ilk iclası və Qəzzanın bərpası üçün vəsait toplamağa yönəlmiş konfrans olacaq”, - deyə amerikalı rəsmi bildirib.
Qeyd olunur ki, sammitin planları hələ ilkin mərhələdədir və dəyişə bilər. Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Alpər Mövludoğlu
Ordu.az