Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
ABŞ-nin Ermənistanın cənubunda uran yataqları ilə maraqlandığı barədə iddialara münasibət bildirən erməni nazir qeyd edib: “Bu, Ermənistan tarixində misilsiz bir haldır. Yeni investisiya proqramları mümkündürmü? Əlbəttə, çox arzuolunandır və biz bunu görmək istəyirik. Amma ABŞ-nin vitse-prezidenti gələcək, danışıqlar aparılacaq. Digər təfərrüatlar, o cümlədən sizin sualınızla bağlı məlumatım yoxdur”.
Bir gün əvvəl Trampın İranla ticarət aparan ölkələrə qarşı gömrük rüsumları tətbiq oluna biləcəyinə dair sərəncam imzalamasına toxunan Papoyan bildirib ki, bu məsələ də Vensin İrəvana səfəri zamanı mütləq müzakirə olunacaq: “Ötən il ABŞ ilə təxminən 50 milyon dollarlıq ixracımız olub və gömrük rüsumu 10 faizdən 25 faizə qalxarsa, həmin məhsullar rəqabət qabiliyyətini itirəcək. Amma mən bunu ən azı mətbuatdan öyrənmişəm, İqtisadiyyat Nazirliyi ABŞ-dən rəsmi məlumat almayıb. İkincisi, görəcəyik tətbiq mexanizmi necə olacaq, təbii ki, tərəfdaş ölkələrlə müzakirələr aparılacaq. Venslə bütün məsələlər müzakirə ediləcək. Sizi əmin edirəm ki, gündəmdə daha vacib və daha maraqlı mövzular var. Bu da vacibdir, amma daha önəmli məsələlər mövcuddur”.
Ermənistanda ABŞ modeli üzrə modul tipli atom elektrik stansiyasının tikiləcəyi barədə yayılan məlumatlara münasibət bildirən erməni nazir qeyd edib ki, müxtəlif ölkələrlə, o cümlədən ABŞ ilə müzakirələr aparılır: “Ermənistan dövlət maraqlarına ən uyğun olan variantı seçəcək”.
Papoyan deyib ki, Ermənistan-ABŞ gündəliyində ola biləcək bütün məsələlər müzakirə ediləcək”.
TRIPP layihəsinə toxunan erməni nazir bildirib: “TRIPP artıq başlayıb, bundan sonra heç kim TRIPP-ə mane ola bilməz”.
Rusiyanın TRIPP-də iştirak edib-etməyəcəyi ilə bağlı suala isə o, belə cavab verib: “TRIPP-də iki tərəf var: ABŞ və Ermənistan”.
Papoyan həmçinin qeyd edib ki, Vensin səfəri çərçivəsində anti-İran mövzusu gündəmdə yoxdur.
Alpər Mövludoğlu
Ordu.az