“Vensin Bakı və İrəvana səfəri mərasim deyil, dəstək siqnalıdır” - Pol Qobl

2026/02/1770625929.jpg
Oxunub: 427     12:30     09 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana gözlənilən səfəri təkcə getdiyi istiqamətlərə görə deyil, elə səfərin özü baxımından da diqqət çəkir.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Vensin fevralın 9-da Bakıya və İrəvana gələcəyi gözlənilir. Səfərin məqsədi ötən il Ağ evin vasitəçiliyi ilə əldə olunmuş Azərbaycan və Ermənistan arasında sülh sazişinə ABŞ-nin dəstəyini bir daha təsdiqləməkdir. Səfərin əhəmiyyətini şərh edən ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Pol Qobl ilk növbədə daha geniş regional kontekstə diqqət çəkir.

O qeyd edib: “Həm Azərbaycan, həm də Ermənistan ABŞ üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu, təkcə hər iki ölkənin Moskvadan uzaqlaşması və TRIPP-i (Zəngəzur dəhlizi-red.) dəstəkləməsi ilə bağlı deyil, həm də İran ətrafında gərginliyin şübhəsiz ki, Cənubi Qafqaza da yayılacağı ilə əlaqədardır”.

Bu baxımdan Vensin səfəri daha çox sabitləşdirici xarakter daşıyır, mərasim xarakterli deyil. Qoblun sözlərinə görə, vitse-prezident Bakıya və İrəvana “hər iki tərəfi ABŞ-nin dəstəyinə əmin etmək və seçdikləri yolu davam etdirməyə təşviq etmək üçün” gəlir. Çünki regionun cənubunda mövcud olan qeyri-sabitlik təhlükəsizlik hesablamalarına şimal istiqamətində də sürətlə təsir göstərə bilər.

Bu yanaşma səfərin vaxtını da izah edir. ABŞ-də keçiriləcək aralıq seçkilər daxili siyasi gündəmdə mühüm yer tutsa da, Qobl hesab edir ki, əsas amil məhz bu deyil.

O bildirib: “Düşünürəm ki, İran ətrafındakı problemlər səfərin vaxtını aralıq seçkilərdən daha yaxşı izah edir”. Bununla belə, Vensin mümkün daxili siyasi təsiri də nəzərə aldığı, xüsusilə ABŞ-də bir sıra əsas seçki dairələrində erməni mənşəli seçicilərin çoxluğu və şəxsi siyasi ambisiyaları fonunda bu məqamı diqqətdə saxladığı vurğulanıb.

Sülh sazişinin pozulacağı halda Vaşinqtonun necə reaksiya verəcəyi ayrıca müzakirə mövzusudur. Münaqişədən sonrakı şəraitdə qarşılıqlı ittihamlar nadir hal deyil və Cənubi Qafqaz da istisna təşkil etmir.

Qobl bildirib: “Vaşinqton yaxşı anlayır ki, tərəflərin hər biri böyük ehtimalla digərini 2025-ci ilin avqustunda Trampın vasitəçiliyi ilə əldə olunmuş sazişi pozmaqda ittiham edəcək”. Onun sözlərinə görə, ABŞ-nin əsas vəzifəsi qiymət vermək deyil, bu cür ittihamların açıq eskalasiyaya çevrilməsinin qarşısını almaqdır.

Ekspert qeyd edib ki, söhbət çəkindirmə və vəziyyətin idarə olunmasından, yəni “hər iki tərəfi və sazişə vicdanla əməl edən bütün qüvvələri ABŞ-nin dəstəyinə əmin etməkdən” gedir.

Bu kontekstdə Vensin səfəri mərasim jesti kimi deyil, Vaşinqtonun Cənubi Qafqazda sabitliyin qorunmasına və artan regional qeyri-müəyyənlik şəraitində təsir imkanlarının möhkəmləndirilməsinə yönəlmiş strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin