Erməni ekspert: “Bu meqalayihə əslində yalnız Azərbaycan ilə Naxçıvan arasında əlaqənin təmin edilməsinəmi hesablanıb?”

2026/02/1770623857.jpg
Oxunub: 334     17:15     09 Fevral 2026    
“ABŞ-nin vitse-prezidenti Cey Di Vensin gözlənilən səfərinin əsas gündəmi 8 avqust tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) olacaq.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Qohar Meloyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Tramp yolu” və TRIPP inkişaf şirkəti ilə bağlı incə məqamlar, suallar çoxdur və müxtəlifdir.

“Bunlar haqqında danışmışıq və hələ də danışacağıq.

Əsaslı iki fundamental məsələ var:

1. “Maneəsiz” əlaqə anlayışının izahı

Həm 8 avqust tarixli üçtərəfli bəyanat, həm də yanvarın 14-də dərc edilmiş “Tramp yolu”nun icra çərçivəsi (TIF) açıq şəkildə müəyyən edir ki, Tramp yolu Ermənistanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi qorunmaqla həyata keçiriləcək. Eyni zamanda, bu iki sənəd aydın şəkildə göstərir ki, “Tramp yolu” vasitəsilə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə yaradılacaq.

“Maneəsiz” ifadəsi nə deməkdir və nəyi nəzərdə tutur?

“Maneəsiz” əlaqə, məsələn, İranla Gürcüstan arasında Ermənistan ərazisi vasitəsilə insanların, nəqliyyat vasitələrinin və yüklərin adi daşınmasından nə ilə fərqlənir?”, - deyə erməni ekspert qeyd edib.

Meloyan bildirib ki, burada məsələ “front office-back office” funksiyaları ilə bağlı deyil.

“Burada məntiqli bir sual yaranır: Azərbaycan ilə Naxçıvan arasında əlaqənin “maneəsiz” olması Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə necə uzlaşdırılır?

Bu sual, şübhəsiz ki, hələ ətraflı şəkildə izah edilməli, onun məzmunu isə gələcəkdə qəbul ediləcək hüquqi qüvvəyə malik sənədlərdə dəqiqləşdirilməlidir.

2. “Tramp yolu” Orta Dəhlizin və Transxəzər ticarət marşrutunun real tərkib hissəsinə çevrilə bilərmi, yoxsa o, yalnız Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinəmi xidmət edəcək?

Ermənistan ərazisindən keçən hər hansı beynəlxalq marşrut həqiqətən Çini və Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirə, uzun illərdir Gürcüstan ərazisi ilə istismar olunan Bakı-Tbilisi-Qars dəmir yolu və ya avtomobil yollarına real rəqabətli alternativə çevrilə bilərmi?”, - deyə o vurğulayıb.

Meloyanın qiymətləndirməsinə görə, qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Orta Dəhliz artıq fəaliyyət göstərir və Azərbaycanla Gürcüstan ərazisindən keçir.

“Bu reallıq ciddi əsaslı narahatlıqlar yaradır ki, “Tramp yolu” Orta Dəhlizin və Transxəzər ticarət marşrutunun mühüm tərkib hissəsinə çevrilməyəcək, yalnız Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi ilə məhdudlaşacaq.

Yəni, erməni ictimaiyyətinə təqdim olunan bu “meqalayihə” əslində yalnız Azərbaycan ilə Naxçıvan arasında əlaqənin təmin edilməsinəmi hesablanıb, yoxsa doğrudan da Orta Dəhlizin tamhüquqlu və rəqabətqabiliyyətli hissəsinə çevrilmək potensialına malikdir?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloyan   Ermənistan  


Bizi "telegram"da izləyin