Ordu.az xəbər verir ki, bu barədə Tehranın “Alik” gündəlik qəzetinin erməni redaktoru Aram Şahnazaryan məqaləsində yazıb.
Onun sözlərinə görə, bu, Yaxın Şərqdə son illərdə formalaşmış, güc tətbiqi ilə diplomatiya arasındakı münasibətin əhəmiyyətli dərəcədə yenidən mənalandırıldığı yeni geosiyasi reallığı əks etdirir.
“Bu proses qarşılıqlı etibardan deyil, müharibənin bədəlinin kəskin şəkildə artmasının dərk edilməsindən və idarə olunan böhranın saxlanılması zərurətindən doğub.
Bu kontekstdə birbaşa İran-ABŞ qarşıdurmasına cəlb olunmasa da, onun bütün nəticələrinə qarşı həssas olan Cənubi Qafqaz xüsusi diqqətə layiqdir. İran ətrafında hər hansı genişmiqyaslı hərbi ssenari regional kommunikasiyalara, enerji yollarına, eləcə də ümumi təhlükəsizlik mühitinə təsir göstərə bilər. Xüsusilə Ermənistan üçün İranla sərhədin təhlükəsizliyi və qonşu ölkənin sabitliyi həm siyasi-təhlükəsizlik, həm də iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir”, - deyə Şahnazaryan qeyd edib.
Şahnazaryan bildirib ki, buna görə də İran-ABŞ gərginliyinin idarə olunması və müharibənin qarşısının alınması İrəvanın həyati maraqlarına uyğundur, çünki İranın təhlükəsizliyi və sabitliyi Ermənistanın siyasi, təhlükəsizlik və iqtisadi mühitinə birbaşa təsir edir.
“Eyni zamanda, Omanda gedən danışıqları qlobal təhlükəsizlik arxitekturasının dəyişməsinin ifadəsi kimi qiymətləndirmək lazımdır. Ötən onilliklərə xas olan bütöv güc modeli tədricən çoxqütblü, çəkindirməyə əsaslanan reallıqla əvəz olunur ki, burada hətta fövqəldövlətlər regional dövlətlərin imkanları ilə hesablaşmaq məcburiyyətindədirlər. İran nümunəsi göstərir ki, hərbi potensialın, eləcə də siyasi və diplomatik hesablamaların düzgün uzlaşdırılması danışıqlar mövqeyinin möhkəmləndirilməsi alətinə çevrilə bilər.
Bu mənzərədə Omanda gedən İran-ABŞ dolayı danışıqları vurğulayır ki, onlar barışıq prosesi deyil, qüvvələrin nisbi tarazlığına əsaslanan diplomatik taktikadır. Onlar göstərir ki, müasir beynəlxalq sistemdə diplomatiya getdikcə daha çox doqmalarla deyil, maraqlar və hesablamalarla idarə olunur. Belə bir vəziyyətdə regional dövlətlər üçün prioritet bəyanatlara güvənmək deyil, qüvvələrin real düzülüşünü və onun uzunmüddətli nəticələrini dərindən anlamaqdır. Siyasi mənada bu o deməkdir ki, böhranların həlli deyil, onların idarə olunması beynəlxalq təhlükəsizliyin əsas gündəminə çevrilib və Omanda gedən proses hazırda regional və qlobal təhlükəsizliyin yeni qaydalarını formalaşdıran hesablanmış diplomatiyanın ən bariz nümunələrindən biridir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az