Ordu.az xəbər verir ki, bunu rusiyalı siyasi analitik Sergey Markedonov “Rusiya-Ermənistan: optimal kommunikasiya modelinin axtarışı” başlıqlı “Telegram” paylaşımında Ermənistan parlamentinin sədri Alen Simonyanın fevralın 5-də Moskvaya etdiyi rəsmi səfəri şərh edərək bildirib.
Onun fikrincə, bu danışıqlar ilk növbədə tərəflər arasında dialoqun qurulma modeli baxımından maraq doğurur.
Markedonov qeyd edir ki, 2026-cı ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilər təkcə ölkənin daxili siyasi inkişaf yolunu deyil, həm də bütün Qafqaz regionunun təhlükəsizlik sisteminin formalaşmasına ciddi təsir göstərəcək. Buna görə də, onun qənaətincə, bu kontekstdə istənilən danışıqlar və səfərlər xüsusi maraq kəsb edir.
“Danışıqlar zamanı hər iki tərəf konstruktiv mövqe nümayiş etdirirdi və qarşılıqlı faydalı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayırdı. Lakin diplomatik ifadələrin “sətiraltı” hissəsində müəyyən uyğunsuzluq hiss olunur. Ermənistan parlamentinin sədri bütün gücü ilə göstərməyə çalışırdı ki, İrəvan-Moskva münasibətlərində “qeyri-adi heç nə yoxdur”, hər şey adi qaydasındadır, guya Ermənistanda heç kim Rusiyaya qarşı pis niyyət daşımır, hər şey konstruktivdir, ölkə könüllü şəkildə AİB-dən çıxmayacaq, KTMT məsələsində isə “müəyyən suallar var”, - deyə Markedonov bildirir.
Onun sözlərinə görə isə, Sergey Lavrovun ritorikası tamam fərqli idi: Simonyandan fərqli olaraq, heç bir yumşalma yox idi, əksinə, öz gündəliyini irəli aparmaq məsələsində daha sərt mövqe hiss olunurdu.
“Problemlər var, İrəvanın KTMT-yə ünvanladığı narazılıqlar anlaşılmaz və əsaslandırılmamış narazılıqlardır, həmçinin Rusiya-Ermənistan münasibətlərində problemlər yaradan Aİ amilini də unutmaq olmaz. Hətta mətbuat üçün yayımlanan qısa məlumatda belə Rusiya XİN qeyd etmişdi: “Ənənəvi müttəfiqlərlə əməkdaşlıq hesabına Qərbə yaxınlaşmanın təhlükələri izah edilib”, - deyə Markedonov ümumilikdə Lavrovun mesajlarının əsas məğzini ifadə edib.
Rusiyalı analitik xatırladır ki, Rusiya ilə Ermənistan münasibətlərində ciddi problemlər üzə çıxanda, İrəvanın “firma üslubu” sakitləşdirici ritorika olub: “Narahat olmayın, rus tərəfdaşlar, biz müttəfiq olaraq qalırıq”, lakin eyni zamanda Aİ ilə münasibətlər də inkişaf etdirilir.
“Parlament seçkiləri ərəfəsində Avropa Siyasi Birliyinin forumu məhz İrəvanda keçiriləcək. Orada səslənəcək çıxışların və müzakirələrin tonunun necə olacağını təsəvvür etmək üçün Kassandra olmağa ehtiyac yoxdur. Ermənistanın ali vəzifəli şəxsləri açıq şəkildə Rusiya haqqında danışmağa çalışmırlar, lakin xarici “hibrid təhdidlər” barədə eyhamlar kifayət qədər aydındır.
Eyni zamanda, KQB-nin və Sov.İKP-nin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişələrinin kəskinləşməsində rolu barədə xatırlatmalar artıq kifayət qədər konkret xarakter alıb. “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) mövzusunu isə hələ demirik. Yaxın vaxtlarda bu barədə maraqlı detallar amerikalı qonaq tərəfindən təqdim oluna bilər, Cey Di Vensin İrəvan və Bakıya səfəri gözlənilir”, - deyə Markedonov vurğulayır.
Bununla belə, onun fikrincə, Moskvada keçirilən danışıqlar göstərib ki, erməni siyasətçilərin sakitləşdirici ritorikası rus tərəfdaşları o qədər də sakitləşdirmir.
“Rus nazirinin Ermənistanla bağlı guya Şimaldan gələn təhlükə haqqında “əfsanəvi narrativlər”ə toxunması bunun bariz nümunəsidir. Lakin bir sıra səbəblərə görə Rusiya da vəziyyəti kəskinləşdirməməyə çalışır. Moskva bir tərəfdən Ermənistanla əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir, digər tərəfdən isə müəyyən meyillərdən narahatlığını gizlətmir.
Ümumilikdə optimal kommunikasiya modelinin axtarışı davam edir. Amma sual yaranır: kommunikasiya ümumi siyasi dinamikanı nəzərə almadan mümkün ola bilərmi?”, - deyə Markedonov bildirib.
Alpər Mövludoğlu
Ordu.az