“Vensin səfəri ABŞ-nin artıq Azərbaycanı Cənubi Qafqazda hesablaşılmalı bir güc kimi gördüyünün göstəricisidir” - Pol Qobl

2026/02/1770619616.jpg
Oxunub: 436     11:49     09 Fevral 2026    
“ABŞ vitse-prezidenti Cey Di Vensin yaxınlaşan regional səfərini ilk növbədə İran məsələsi ilə əlaqələndirirəm”.

Ordu.az xəbər verir ki, bunu amerikalı tanınmış analitik, məşhur “Qobl planı”nın müəllifi, ABŞ-nin keçmiş dövlət katibi Ceyms Beykerin (1990-cı illərin əvvəllərində) xüsusi müşaviri olmuş Pol Qobl deyib.

Qobl bildirib ki, İranın mövqelərindən tam geri çəkilməsinə nail olmağa çalışan ABŞ prezidenti Donald Tramp ilk növbədə İranın qonşu ölkələrinin hansı ehtiyaclara malik olduğunu və hansı əməkdaşlığı təklif edə biləcəyini anlamaq istəyir.

“ABŞ prezidenti və ya vitse-prezidenti harasa səfər edəndə, bu, özlüyündə mühüm hadisədir, bir siqnaldır. Şübhəsiz ki, vitse-prezidentin Cənubi Qafqaza gedərək eyni səfər çərçivəsində Gürcüstan və Rusiyaya deyil, məhz Azərbaycan və Ermənistana baş çəkməsi də hansısa vacib məqamdan xəbər verir. Məncə, Birləşmiş Ştatların maraqlarının geniş siyahısı var və cənab Vens bu mövzuları Azərbaycan rəsmiləri ilə müzakirə edəcək”, - deyə Qobl qeyd edib.

Qoblun sözlərinə görə, ikinci mərhələdə prezident Tramp öz “dəhliz planı”nın, yəni TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) irəlilədiyinə əmin olmaq istəyir.

O qeyd edib ki, Vensin səfəri ABŞ-nin artıq Azərbaycanı Cənubi Qafqazda hesablaşılmalı bir güc kimi gördüyünün göstəricisidir və Vaşinqton artıq Azərbaycanı keçmiş sovet məkanının bir hissəsi kimi qiymətləndirmir.

“Bakı ilə Moskva arasındakı münasibətlər hələ də aşağı səviyyədə qalır və məncə, amerikalılar bunun davam etməsindən yalnız məmnun olarlar, çünki onlar regionda dominant qüvvənin məhz ABŞ olduğuna əmin olmaq istəyirlər”, - deyə Qobl bildirib.

İran mövzusuna qayıdan Qobl xatırladıb ki, Bakı rəsmi şəkildə İranı vurmaq üçün öz ərazisini təqdim etməyəcəyini bəyan edib. Analitikin fikrincə, bu, Bakının açıq anti-İran mövqeyi tutmağın Azərbaycan üçün son dərəcə təhlükəli ola biləcəyini anlayan realist yanaşmasını əks etdirir, çünki iranlılar bu məsələlərdə son dərəcə həssasdırlar.

Qobl müsahibədə deyib: “Amma təsəvvür edək ki, ABŞ İrana zərbə endirir. O zaman Cənubi Azərbaycanın ayrılması riski çox realdır, həmçinin İrandan Azərbaycana kütləvi qaçqın axını təhlükəsi yarana bilər. Bunların hamısı amerikalıların öz baxışlarının olduğu məsələlərdir və təbii ki, onlar Bakının bu barədə nə düşündüyünü bilmək istəyirlər. Mən bu sualın Ermənistanla bağlı hissəsindən danışmadım, amma düşünürəm ki, Ermənistan amili Azərbaycan, Naxçıvan və Türkiyə arasında TRIPP dəhlizi ilə bağlı narahatlığın törəməsidir, müstəqil faktor deyil. Bu, həm də Cənubi Qafqazda üç ölkə olduğu, onlardan birinin hazırda Rusiya ilə yaxınlaşdığı, digər ikisinin isə etmədiyi barədə siqnal göndərmək üsuludur. Belə olan halda vitse-prezidenti hara göndərərdiniz? Təbii ki, onu Rusiya ilə əməkdaşlıq etməyən iki ölkəyə göndərməlisiniz. Məncə, əsas fikir də budur. Amma Bakıya səfər açıq-aşkar daha vacibdir, digəri isə daha çox törəmə xarakter daşıyır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ   Pol-Qobl  


Bizi "telegram"da izləyin