“Azərbaycan Aİ ilə enerji dəhlizi üzrə işlərə başlayıb, uşaqlar, bəlkə ayılaq?” - Aşotyan

2026/02/1770619534.jpg
Oxunub: 376     12:19     09 Fevral 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) adını almış layihə Ermənistanda əsasən logistika məntiqi çərçivəsində müzakirə olunduğu bir vaxtda, Bakıdan başqa bir xəbər gəldi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə enerji dəhlizi üzrə işlərə başlayıb və bunu TRIPP-in inşası istiqamətində konkret addım kimi dəyərləndirir.

“Azərbaycanın elektrik ötürmə şəbəkəsinin operatoru olan “AzərEnerji” planlaşdırılan elektrik xəttinin Azərbaycan hissələrinin tikintisinə başlayıb. Bu xətt sonda Zəngəzur və Türkiyə üzərindən Azərbaycanı Avropa ilə birləşdirəcək.

“AzərEnerji”nin məlumatına görə, işlər həm Azərbaycanın ərazisində yerləşən 74 kilometrlik xəttdə, həm də Naxçıvan ərazisində yerləşən 105 kilometrlik hissədə başlanıb. Tikinti başa çatdıqdan sonra bu xətt Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı üçün infrastrukturun əsasını təşkil edəcək”, - deyə Aşotyan qeyd edib.

O bildirib ki, bu, “suveren” nikolçu Ermənistanın bütün acınacaqlı vəziyyətinin daha bir sübutudur.

“Nə TRIPP-in hüquqi əsası var, nə onun operatoru olan təşkilat yaradılıb, nə də sahəvi layihələri koordinasiya edəcək törəmə şirkətlər təsis edilib, amma Azərbaycan artıq bizim ərazimizdən keçməsi nəzərdə tutulan layihə üzrə öz addımlarını atmağa başlayıb. Uşaqlar, bəlkə ayılaq?”, - deyə Aşotyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan  


Bizi "telegram"da izləyin