Ordu.az xəbər verir ki, Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) Ər-Riyadda təşkil edilən sərgidə məhsul və imkanlarını beynəlxalq nümayəndə heyətlərinə təqdim edir.
TUSAŞ bu sərgi ilə birlikdə təqdimat fəaliyyətlərinə texnologiya yönümlü yeni konsepsiya əlavə edib.
Əvvəlki sərgilərdə əsasən ölçülü, hərəkətsiz maketlərdən istifadə olunurdusa, bu dəfə təqdimat üçün TUSAŞ-ın KAAN və ANKA III platformaları ilə formalaşdırdığı OKU (Avtonom Qol Uçuşu) konsepsiyasının hərəkətli nümayişi seçilib.
Arxa plandakı LED ekranlarda göstərilən video ilə sinxron şəkildə dəstəklənən bu konsepsiyada KAAN və onun hər iki tərəfində yerləşən ANKA III platformaları anqardan çıxaraq müəyyən manevrlərlə hücum tapşırığını icra edir. TUSAŞ-ın bu yeni təqdimatı ziyarətçilərin böyük marağına səbəb olub.
OKU konsepsiyası və pilotlu-pilotsuz komanda modeli
OKU müasir hava döyüş doktrinasında mövcud olan pilotlu-pilotsuz komanda modeli (MUM-T/Manned-Unmanned Teaming) yanaşmasının Türkiyədəki qarşılığını formalaşdırır. Bu konsepsiya KAAN kimi pilotlu təyyarələrin ANKA III kimi pilotsuz uçuş aparatları ilə bir “qol” şəklində birgə fəaliyyət göstərməsini nəzərdə tutur.
Rəqəmsal təqdimat sahələri və ziyarətçi təcrübəsi
TUSAŞ stendində yerləşdirilən dörd sensor ekran vasitəsilə məhsullarını rəqəmsal formada ziyarətçilərə təqdim edir. Ziyarətçilər ekranlar üzərindən məhsullar haqqında ətraflı məlumat əldə edir, onları 360 dərəcə formatında incələyə və videolarını izləyə bilirlər.
Konsepsiyanın digər sərgilərdə istifadəsi
Sözügedən konsepsiyanın bu il İndoneziyada, Malayziyada və Böyük Britaniyada keçiriləcək sərgilərdə də istifadəsi planlaşdırılır.
TUSAŞ oxşar tətbiqləri HÜRJET və GÖKBEY platformaları üçün də həyata keçirəcək.
Baş direktor Demiroğlunun dəyərləndirmələri
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu AA müxbirinə verdiyi açıqlamada dünyanın sürətlə rəqəmsallaşdığını, rəqəmsal mühitdə görülən bir çox işin artıq reallığa çox yaxın olduğunu, hətta ssenarilər çərçivəsində bunun həyata keçirilə bildiyini deyib.
Məhsulları daha effektiv, sürətli və əhatəli şəkildə necə tanıda biləcəklərini qiymətləndirdiklərini bildirən Demiroğlu bu yanaşma nəticəsində belə bir konsepsiyanın ortaya çıxdığını qeyd edib və bildirib:
“Gözəl bir konsepsiyadır, gələcəkdə daha da inkişaf edəcək, hətta 6-cı nəsil səviyyəsinə qədər gedə bilər. Məhsullarımızı rəqəmsal mühitdə gələn və maraqlanan şəxslərə xüsusi hazırlanmış paketlər şəklində təqdim etməyi planlaşdırırıq. Çox yüksək səviyyəli bir ziyarətçiyə onun ehtiyac duyduğu məlumatları ehtiva edən paket, daha ətraflı məlumat istəyənlərə isə daha geniş məzmun təqdim edə biləcəyik. Ümumilikdə isə hamısının bir arada olduğu balanslı bir konsepsiya qurmaq mümkündür. Bunu rəqəmsal mühitdə etmək olur. Bir müddət sonra buna süni zəka da əlavə ediləcək. Bu konsepsiya ilə ilk dəfə məhz bu sərgidə qarşınıza çıxmışıq”.
Sevinc Əliyeva
Ordu.az