Ermənistan-Hindistan hərbi əməkdaşlığının genişlənməsi: Silah tədarükləri və strateji kontekst – ANALİZ (I YAZI)

2026/02/12-1770578810.jpg
Oxunub: 1294     12:21     09 Fevral 2026    
Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhanın Ermənistana səfəri çərçivəsində ona Ermənistan və Hindistan istehsalı olan silah-sursat nümunələrinin nümayiş etdirilməsi son illər sürətlə genişlənən hərbi-texniki əməkdaşlığın növbəti ictimai nümayişi kimi qiymətləndirilə bilər. Ermənistan müdafiə naziri Suren Papikyanın yaydığı görüntülərdə Hindistanın İrəvana tədarük etdiyi artilleriya vasitələri, raket sistemləri, eləcə də yerli istehsal silah və PUA-ların nümayiş etdirilməsi bu əməkdaşlığın artıq sadəcə müqavilə səviyyəsindən çıxaraq real təchizat mərhələsinə keçdiyini göstərir. Ermənistanın 2020-ci ildən sonra silahlı qüvvələrini yenidən formalaşdırmaq cəhdləri fonunda Hindistan istiqaməti əsas alternativ mənbələrdən birinə çevrilib və son illərin statistikasına görə, 2022-2024-cü illərdə ölkənin silah idxalının təxminən 43%-i məhz Hindistanın payına düşüb.

Bu nümayişlərin simvolik tərəfi ilə yanaşı, onların informasiya-psixoloji ölçüsü də diqqətdən kənarda qalmamalıdır. İctimaiyyətə açıq şəkildə təqdim olunan platformalar həm daxili auditoriya üçün ordunun modernləşdirilməsi görüntüsünü formalaşdırmağa, həm də xarici tərəfdaşlara yeni əməkdaşlıq kanallarının mövcudluğunu nümayiş etdirməyə xidmət edir. Xüsusilə regional təhlükəsizlik mühitinin həssas olduğu şəraitdə bu tip nümayişlər yalnız texniki təqdimat deyil, həm də siyasi siqnal xarakteri daşıyır və Ermənistanın hərbi-texniki balansı yenidən qurmaq niyyətinin kommunikativ ifadəsinə çevrilir.

Ermənistan-Hindistan əməkdaşlığının institusional çərçivəsi xüsusilə 2022-ci ildən etibarən intensivləşib və tərəflər arasında ümumi dəyəri 1,5 milyard dollardan artıq olan müdafiə müqavilələri imzalanıb. Bu müqavilələr çərçivəsində Ermənistanın əldə etdiyi və ya əldə etməyi planlaşdırdığı sistemlər spektr baxımından kifayət qədər genişdir və artilleriya, hava hücumundan müdafiə, raket texnologiyaları, tank əleyhinə vasitələr və sursat təminatını əhatə edir. Açıq mənbələrə görə, bu paketə “Pinaka” yaylım atəşli reaktiv sistemlər, yedəkdə daşına bilən “Trajan” haubitsaları, “MArG” özüyeriyən artilleriya qurğuları, “Konkurs” tank əleyhinə raket kompleksləri, minaatanlar və müxtəlif növ döyüş sursatları daxildir. Bundan əlavə, Ermənistan “Akash” ailəsinə daxil olan zenit-raket komplekslərini, o cümlədən “Akash-1S” və perspektivdə “Akash-NG” sistemlərini əldə etmək üçün müqavilələr bağlayıb, həmçinin antidron sistemləri və radar vasitələri kimi komponentlər də bu əməkdaşlıq paketinə daxil edilib.

Əməkdaşlığın genişlənməsi yalnız platformaların alınması ilə məhdudlaşmır və logistika, təlim, texniki xidmət infrastrukturu kimi sahələri də əhatə edir. Müxtəlif məlumatlara əsasən, bu müqavilələr çərçivəsində ekipajların hazırlanması, ehtiyat hissələri təminatı və texniki servis mexanizmlərinin qurulması kimi komponentlər də nəzərdə tutulur ki, bu da Ermənistanın sovet standartlarından fərqli əməliyyat və texniki mühitə uyğunlaşmasını tələb edir. Bu uyğunlaşma prosesinin özü əlavə maliyyə və zaman resursları tələb edən faktor kimi çıxış edir və yeni sistemlərin real döyüş hazırlığına gətirilməsi mərhələsini uzada biləcək struktur elementlərdən biri sayılır.

Artilleriya və raket komponentləri əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biridir. Ermənistanın Hindistandan “Pinaka” sistemlərini əldə etməsi regionda balansın dəyişdirilməsi baxımından siyasi mesaj kimi təqdim edilsə də, bu addım həm də sovet mənşəli köhnə platformaların əvəzlənməsi cəhdinin tərkib hissəsidir. Hətta bu sistemlərin tədarükü ilə paralel olaraq sursat ehtiyatlarının diversifikasiyası və müxtəlif kalibrli artilleriya vasitələrinin paralel istifadəsi istiqamətində addımların atıldığı barədə məlumatlar mövcuddur ki, bu da Ermənistanın uzunmüddətli atəş dəstəyi strukturunu yenidən qurmağa çalışdığını göstərir. Artilleriya istiqamətində isə “Trajan” haubitsalarının müəyyən sayda artıq təhvil verildiyi, sınaqlardan sonra əlavə alınması planlarının mövcud olduğu barədə məlumatlar mövcuddur.

Bu istiqamətdə əlavə diqqət çəkən məqam Ermənistanın əldə etdiyi sistemləri yerli istehsal və ya modernləşdirilmiş platformalarla inteqrasiya etməyə çalışmasıdır. Yerli müəssisələrdə istehsal olunan atıcı silahların, pilotsuz uçuş aparatlarının və bəzi elektro-optik komponentlərin sərgilənməsi göstərir ki, Ermənistan idxal olunan ağır sistemlərlə yanaşı, daha aşağı səviyyəli texniki seqmentdə öz istehsal imkanlarını saxlayaraq müəyyən texnoloji asılılığı azaltmağa çalışır. Bu cəhdlər hələlik məhdud miqyaslı olsa da, uzunmüddətli perspektivdə silahlanma strukturunun hibrid xarakter almasına gətirib çıxara bilər.

Hava hücumundan müdafiə və digər yüksək texnoloji komponentlər Ermənistan üçün xüsusilə prioritet sahə kimi görünür. Ermənistanın “Akash” tipli zenit-raket sistemlərinə maraq göstərməsi bu platformaların ölkənin hava məkanının müdafiəsində yeni təbəqə formalaşdırmaq məqsədi daşıdığını göstərir. Bu sistemlərin əldə olunması yalnız texniki imkanların artırılması deyil, həm də müxtəlif mənşəli HHM sistemlərinin eyni şəbəkədə işləməsi məsələsini gündəmə gətirir. Müxtəlif istehsalçıların sistemlərinin inteqrasiyası komanda-idarəetmə və məlumat ötürülməsi baxımından əlavə koordinasiya tələb edən mürəkkəb prosesdir və bu amil Ermənistanın müdafiə arxitekturasının gələcək strukturunda əsas texniki çağırışlardan biri kimi çıxış edir.

Əməkdaşlığın motivasiyası yalnız hərbi-texniki aspektlərlə məhdudlaşmır və burada geosiyasi faktorlar mühüm rol oynayır. Uzun illər Ermənistanın silah idxalının böyük hissəsi Rusiyanın payına düşsə də, son dövrdə bu göstəricinin kəskin azalması İrəvanı alternativ bazarlar axtarmağa vadar edib. Rusiya-Ukrayna müharibəsi fonunda tədarük problemləri və siyasi gərginlik bu diversifikasiya prosesini sürətləndirib və Hindistan bu boşluğu dolduran əsas tərəfdaşlardan birinə çevrilib. Bu dinamika eyni zamanda Hindistanın qlobal silah ixracatçısı kimi mövqeyini gücləndirmək strategiyası ilə üst-üstə düşür və əməkdaşlıq iki tərəf üçün qarşılıqlı siyasi-iqtisadi fayda yaradan platformaya çevrilir.

Bununla yanaşı, əməkdaşlıq çərçivəsində bəzi daha iddialı perspektiv layihələr və ya hələ təsdiqlənməmiş məlumatlar da dövriyyədədir. Hindistan mənbələrində Ermənistanın daha qabaqcıl sistemlər – məsələn, qısa mənzilli ballistik raketlər və ya supersəs tipli qanadlı raketlər kimi komplekslərlə bağlı təkliflər aldığı barədə iddialar səsləndirilir, lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Bu tip iddialar əməkdaşlığın potensial genişlənmə istiqamətlərini göstərsə də, onların real müqavilə mərhələsinə keçib-keçmədiyi ayrıca araşdırma mövzusu olaraq qalır. Eyni zamanda hərbi-texniki əməkdaşlığın gələcəkdə kibermüdafiə, radioelektron mübarizə və süni zəka əsaslı idarəetmə sistemləri kimi daha kompleks sahələri də əhatə edə biləcəyi ehtimalı ekspert müzakirələrində qeyd olunur.

Ümumilikdə, Hindistan-Ermənistan hərbi əməkdaşlığı son illərdə Ermənistanın silahlanma siyasətində baş verən struktur dəyişikliklərin əsas elementlərindən biri kimi formalaşıb və artilleriya, raket sistemləri, hava hücumundan müdafiə, tank əleyhinə vasitələr və radioelektron mübarizə komponentləri daxil olmaqla geniş spektri əhatə edir. Bu əməkdaşlıq həm Ermənistanın post-müharibə reabilitasiya və modernləşmə cəhdlərinin, həm də regionda yeni tərəfdaşlıq xəttinin qurulması istiqamətində siyasi seçimlərinin nəticəsi kimi qiymətləndirilə bilər və paralel olaraq regional hərbi balansın izlənilməsi baxımından analitik diqqətin mərkəzində qalmağa davam edir.

Növbəti seriyadan etibarən təqdim olunmuş silah və sistemlərin hər biri üzrə ayrıca texniki-taktiki xüsusiyyətlər, döyüş tətbiqi imkanları və real əməliyyat mühitində potensial effektivliyi barədə detallı texniki analizlər təqdim olunacaq.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Silah  


Bizi "telegram"da izləyin