Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan və Kamboca Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi Meas Kim Henqin rəhbərliyi ilə baş tutub.
Qeyd edilib ki, tərəflər ikitərəfli gündəliyə aid geniş mövzular üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə siyasi, parlamentlərarası, ticarət-iqtisadi, investisiya, təhsil, mədəniyyət, turizm və texnologiya sahələrində əməkdaşlığın inkişafı və genişləndirilməsi perspektivləri müzakirə olunub.
“Çoxtərəfli platformalarda əməkdaşlığın səviyyəsi və mövcud müsbət dinamika məmnunluqla vurğulanıb. Bu kontekstdə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) və Frankofoniya Təşkilatının 20-ci Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarına da toxunulub.
Ermənistan və Kambocanın XİN rəhbərlərinin müavinləri regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bu çərçivədə Mnatsakan Safaryan tərəfdaşına Cənubi Qafqazda baş verən proseslər, əldə edilmiş sülhün gələcək institusionallaşdırılması və regional qarşılıqlı əlaqəliliyin möhkəmləndirilməsinə yönəlmiş addımlar barədə məlumat verib. Buraya “TRIPP yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi çərçivəsinin qəbul edilməsi və digər cari proseslər də daxildir”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az