Ermənistanın keçmiş xarici işlər naziri: “Ermənistan Rusiya və İranla strateji üçbucaq yaratmağa çalışmalıdır”

2022/09/1662715420.jpg
Oxunub: 394     14:59     07 Fevral 2026    
“Ermənistana yönəlmiş təhdid və çağırışlar son illərdə ikiqat artıb və bu, sadəcə təhlükəsizlik böhranı deyil. Biz regionda və bütün dünyada tarixi dəyişikliklər dövründə yaşayırıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın “Birlikdə” hərəkatının təşkil etdiyi müzakirə zamanı ölkənin keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

“Beynəlxalq siyasətdə oyun qaydaları dəyişib, səhvlərin bədəli yüksəlib. Güç yenidən beynəlxalq münasibətlərdə əsas amilə çevrilib”, - deyə Ayvazyan qeyd edib.

O bildirib ki, bu şəraitdə Ermənistan ekzistensial təhdidlərlə və ciddi çağırışlarla üz-üzədir.

Ayvazyanın sözlərinə görə, Ermənistan suveren qərarlar qəbul etmək qabiliyyətini bərpa etməlidir: “Biz bizə təqdim edilən “müharibə, yoxsa sülh” saxta dilemması məntiqindən çıxmalıyıq. Ermənistan qarşısında başqa bir seçim durur: strateji zəifliyin davamlı dərinləşməsi ilə strateji çəkindirmə siyasətinin formalaşdırılması arasında seçim”.

O bildirib ki, Ermənistanın potensialının gücləndirilməsi şərtilə müvafiq yanaşma olarsa, TRIPP (Zəngəzur dəhlizi-red.) təhdidləri aradan qaldıra bilər, lakin hazırkı şəraitdə layihə Ermənistanın ərazi bütövlüyü və suverenliyinə dair zəmanətləri ehtiva etmir.

Ayvazyan regionda qüvvələr nisbətinin bərpasında maraqlı olan güclərlə real və effektiv koalisiyaların yaradılmasının vacibliyini qeyd edib. Sabiq erməni nazir aydınlıq gətirib ki, söhbət Ermənistan-Rusiya-İran strateji üçbucağının yaradılması məqsədilə Rusiya ilə münasibətlərin yenidən başladılmasından və İranla əlaqələrin dərinləşdirilməsindən gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ayvazyan  


Bizi "telegram"da izləyin