Tərəflər ötən il ərzində Aİ-Türkiyə formatında beş yüksək səviyyəli görüşün keçirildiyini və bunun “qaçqınlara müvəqqəti sığınacaq verilməsi və Türkiyə vətəndaşlarının Şengen zonasına girişinin sadələşdirilməsi proseslərində Avropa İttifaqı tərəfindən Türkiyəyə göstərilən dəstəyin davamlılığının möhkəmlənməsinə töhfə verdiyini” bildiriblər. Fidan və Kos Türkiyənin Avropa İttifaqının “iqtisadi sisteminə inteqrasiyası istiqamətində atılan addımların” vacibliyini vurğulayıblar.
Türkiyə-Avropa Komissiyası bəyanatının bəlkə də ən diqqətçəkən məqamı odur ki, Fidan və Kos tərəflər arasında “daha sıx koordinasiyanın əhəmiyyətini” qeyd ediblər. Bu koordinasiya “Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyi və davamlı inkişafı dəstəkləmək məqsədilə energetika, nəqliyyat, rəqəmsallaşma və ticarəti əhatə edən regional qarşılıqlı bağlılıq gündəliyinin formalaşdırılmasına” yönəlib. Bu kontekstdə Türkiyənin “mərkəzi geosiyasi oyunçu olaraq” oynadığı rol xüsusi vurğulanıb.
Beləliklə, Avropa İttifaqı Türkiyəni Qara dəniz-Xəzər və Mərkəzi Asiya regionlarının “əsas geosiyasi iştirakçısı” kimi tanıyır. Eyni zamanda, əməkdaşlıq sahələri olaraq energetika, nəqliyyat, rəqəmsallaşma və ticarət qeyd edilir, Aİ-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya qarşılıqlı bağlılığı isə “sabitlik və davamlı inkişafın zəmanəti” kimi qiymətləndirilir.
Bəs Moskva Avropa İttifaqı və Türkiyə arasındakı bu “daha sıx koordinasiya” bəyannaməsinə necə reaksiya verəcək? Türkiyə NATO üzvü olsa da, Rusiya tərəfindən “düşmən” kimi tanınmır. Üstəlik, Ukrayna məsələsində Rusiya Avropa İttifaqını əsas rəqib hesab edir. Fidan-Kos görüşünün keçirildiyi gün Avropa Komissiyasının sədri fon der Lyayen Rusiyaya qarşı sanksiyaların iyirminci paketini qəbul etmək niyyətində olduqlarını anons edib. Aİ ilə Türkiyənin “daha sıx koordinasiyası” Ankaranın da Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə gətirib çıxara bilərmi?
Asif Cəfərov
Ordu.az