Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Bloknot.ru nəşri “Ermənistan Rusiya ilə əlaqələri kəsir, biz isə cavab olaraq taxıl tədarükü və dostluq təminatları veririk” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, İrəvanın siyasətçiləri getdikcə daha açıq şəkildə bildirirlər ki, ruslarla heç bir əlaqə istəmirlər. Məsələn, parlamentin spikeri Simonyan qeyd edib ki, Ermənistan KTMT-də iştirakını dondurub, Rusiyanın “Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsində iştirakı isə absurddur.
“Biz isə öz tərəfimizdən Ermənistana fəal şəkildə taxıl tədarük edirik, Azərbaycana və Türkiyəyə doğru dəmir yolunun bərpasına hazır olduğumuzu bildiririk və sözün əsl mənasında yerli hakimiyyət orqanlarını buna sakit yanaşmağa, yaxşı və tərəfdaş münasibətləri qorumağa inandırmağa çalışırıq. Eyni zamanda, İrəvan “Rosatom”la əlaqələri kəsərək, atom elektrik stansiyasının tikintisi ilə bağlı müqaviləni ABŞ-yə verməyə hazırlaşır. Ermənistan parlamentinin spikerindən soruşulduqda ki, ölkə KTMT tərəfindən qəbul edilən sənədləri imzalamağa davam edirmi, o vurğuladı ki, Ermənistan heç bir formatda KTMT-də iştirak etmir. Jurnalistin sualı havadan yaranmamışdı: Rusiya XİN bəyan etmişdi ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü statusunu saxlayır və Moskva İrəvanın KTMT-də fəal və tam iştirakını dəstəkləyir, çünki bu, Ermənistanın təhlükəsizliyi üçün vacibdir. Lakin Simonyanın sözlərinə görə, bu, artıq ölkəsi üçün keçmişdə qalıb”, - deyə KİV qeyd edib.
Nəşr bildirib ki, həmin görüş zamanı spikerdən Rusiyanın “Tramp yolu” (TRIPP) layihəsində iştirak edib-etməyəcəyi də soruşulub və Simonyan bu cür ideyanın özünü belə absurd adlandırıb.
“Parlament spikerinin bəyanatları ilə paralel olaraq, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bildirib ki, Ermənistan enerji sistemini Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırmaq yoluna çıxır və bu siyahıda Rusiya yoxdur.
Bəs biz buna necə reaksiya verdik? “Rusiya öz ənənəvi müttəfiqlərini, Ermənistanı, Suriyanı, Venesuelanı və İranı ABŞ-nin mərhəmətinə buraxmayacaq”, - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. Suriyada və Venesuelada baş verən hadisələri nəzərə alsaq, bu, son dərəcə ikimənalı bir açıqlamadır. Çətin ki, Ermənistan bizim dəstəyimiz sayəsində onlarda oxşar ssenarilərin reallaşacağı fikrindən ilhamlansın. Lakin Lavrov açıq şəkildə bu məntiqdən narahat deyil. Onun sözlərinə görə, “Ermənistan Brüssel və Vaşinqtonun xoş niyyətlərinin arxasında nəyin gizləndiyini anlayır”. Rusiya XİN-in açıqlamalarında qeyd edilir: “Ermənistanla münasibətlərimiz müttəfiqlik statusunu təsbit edən möhkəm hüquqi çərçivəyə əsaslanır”. Ancaq bu statusun harada və necə təzahür etdiyi, yaxud edəcəyi tamamilə anlaşılmazdır. Biz Ermənistan və Azərbaycan arasındakı münaqişədə neytral mövqe tutmuşuq və indi İrəvan KTMT ilə bütün əlaqələri kəsib. Rusiya XİN-in bəyanatından göründüyü kimi, bu məsələdə yeganə təmas nöqtəsi “rus hərbi bazası və sərhədçilərimizdir, onlar Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin əsas elementi kimi çıxış edirlər”, - deyə müəllif bildirib.
Nəşrə görə, həmçinin bildirilib ki, Azərbaycan vasitəsilə Ermənistana rus taxılının yeni partiyası göndərilib: 25 dəmir yolu vaqonu, ümumi çəkisi 1746 ton olan yük.
“Tranzit daşımaların başlanmasından (2025-ci ilin sonu) etibarən Ermənistana təxminən 20 min ton taxıl daşıyan 285 dəmir yolu vaqonu daxil olub. Rusiya həmçinin Ermənistanda, İcevan və Axurik sahələrində dəmir yolunun bərpasını müzakirə edir. Bu sahələr, yeri gəlmişkən, Türkiyə və Azərbaycana çıxış verir. Başqa sözlə, biz Ermənistanı guya qorumağa çalışdığımız ölkələrlə logistika qurmasında ona kömək edirik.
Bundan əlavə, Vladimir Putin dost ölkələrə, o cümlədən Ermənistana yönəlimiş humanitar missiyaların və humanitar yardım proqramlarının genişləndirilməsi barədə göstəriş verib. Biz Ermənistana göstərilən yardımı artırdığımız bir vaxtda, ABŞ həmin ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı müqaviləni bizdən almağa çalışır”, - deyə məqalədə vurğulanıb.
Nəşr yazıb ki, bu, xüsusən ABŞ vitse-prezidenti Vensin fevral ayında İrəvana planlaşdırılan səfərinin məqsədlərindən biridir.
“Mövcud məlumatlara görə, rəsmi gündəlik nüvə sahəsində əməkdaşlığa və Ermənistanda kiçik modullu atom elektrik stansiyasının tikintisi perspektivlərinin müzakirəsinə yönələcək. Hazırda fəaliyyət göstərən “Metsamor” AES 2036-cı ilə qədər işləyəcək. Bu, sabit bir üfüqdür və ondan sonra ölkə yeni reaktor və ya yeni stansiya olmadan yaşamağı özünə rəva görə bilməz. Burada yalnız iki alternativ var: ya sübut olunmuş texnologiyalar əsasında (yəni Rusiya texnologiyaları ilə) yeni atom elektrik stansiyası tikmək, ya da ABŞ-nin “gələcəyin enerjisi” kimi fəal şəkildə təbliğ etdiyi digər formatlara, o cümlədən kiçik modullu reaktorlara keçmək”, - deyə KİV bildirib.
Erməni politoloq Arman Qukasyan qeyd edib ki, “Rosatom” Ermənistana enerji sistemində artıq uzun müddətdir mənimsənilmiş, kommersiya istifadəsində olan və inteqrasiya edilmiş texnologiyalar təklif etdiyi halda, ABŞ sadəcə olaraq öz innovasiyasını başqa bir ölkənin, bu halda Ermənistanın ərazisində “sınaqdan keçirmək” istəyir.
“Onilliklər boyu aparılan iş “Rosatom”un qərarlarına əsaslanıb. “Metsamor” atom elektrik stansiyası uğurlu layihədir, dayanıqlıq və iqtisadi proqnozlaşdırıla bilənlik nümayiş etdirir. Üstəlik, “Rosatom” layihələndirmədən tutmuş yanacağın təminatına qədər tam bir dövrə malikdir. Lakin son illərdə Ermənistan hakimiyyəti Rusiya ilə əməkdaşlıqdan yayınır və ABŞ istiqamətində hərəkət etməyə hazır olduğunu göstərir. Ümumilikdə, vəziyyət Moskva ilə İrəvan arasında münasibətlərdə dərin böhranın mövcudluğunu göstərir və vəziyyəti düzəltmək üçün əsas məsələ bunun günahkarının kim olduğunu anlamaqdır: Rusiya, yoxsa Ermənistan?”, - deyə Qukasyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az