“Simonyanın səfəri “a teper ya Nataşa” şüarı altında, bundan irəli gələn bütün ifadələrlə keçib” - Aşotyan

2026/02/1770458118.jpg
Oxunub: 498     15:16     07 Fevral 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyanın üçgünlük Moskva səfəri müxtəlif reaksiyalar doğurub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistanda fəal olan siyasi-ictimai bir qrup böyük həvəslə “qeyd edib” ki, Simonyana “layiq” qəbul göstərilib və onun üzünə Ermənistanda mövcud olan biabırçı vəziyyət, siyasi məhbusların olması, iş adamı Samvel Karapetyana və Gümrünün meri Vardan Qukasyana qarşı təqiblər, kilsəyə qarşı hücum və iki stul arasında oynamağın yolverilməzliyi barədə iradlar səsləndirilib.

“Hakim dairələr isə, əksinə, parlament sədrinin qürurlu baxışından və rus tərəfdaşlarına ünvanladığı “suveren” cavablardan heyrətə gəliblər. Lakin qeyd edək ki, siyasi məhbuslar, kilsə və digər mövzularla bağlı söhbətləri rəsmi şəxslər aparmayıblar, ən azı belə söhbətlər olubsa da, ictimailəşdirilməyib. Bu suallar rəsmi görüşlərdən sonra keçirilən brifinqdə rus jurnalistlər tərəfindən parlament sədrinə ünvanlanıb. Halbuki bu, Rusiyada qəbul olunmuş bir üsuldur: hakimiyyətin öz dilindən demədiyini Kremlə yaxın politoloqlar və nəzarət olunan media nümayəndələri deyir”, - deyə KİV qeyd edib.

Müəllif yazıb ki, məlum olduğu kimi, Alen Simonyan hazırkı hakimiyyətin yüksək vəzifəli şəxsləri arasında ən çox anti-Rusiya bəyanatları ilə seçilib.

“Simonyan ilk olaraq bəyan etmişdi ki, Rusiya Ermənistana qarşı hibrid müharibə aparır. Lakin o, bu səfərdən cəmi bir neçə gün əvvəl vaxtilə sərt ifadələrindən “geri çəkildi” və bildirdi ki, “hibrid müharibə” ifadəsindən imtina etmək lazımdır, çünki “müharibə” yaxşı termin deyil. Simonyan bunu “hücum” sözü ilə əvəz etməyi təklif etdi, hətta bu cür terminlərdən istifadə edərkən öz hakimiyyətlərinin də səhv edə biləcəyini söylədi. Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı da parlament sədri, yumşaq desək, 24/7 rejimində şikayət etdikləri və hətta avropalılara da giley etdikləri həmin hibrid hücumlara görə hesab soruşmadı, əksinə, Lavrov Moskva üçün Ermənistan əleyhinə şimaldan hazırlandığı iddia edilən, onun ifadəsilə, “əfsanəvi hücumlar” barədə bu cür bəyanatları vaxtaşırı eşitməyin qəribə olduğunu deyəndə, özünü doğrultmağa başladı.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan üçün ekzistensial təhlükə ola biləcəyi barədə iddialar da anlaşılmazdır. “Bizim üçün bir az qəribədir ki, vaxtaşırı Ermənistan əleyhinə şimaldan hazırlandığı deyilən bəzi əfsanəvi hücumlar və KTMT tərəfindən ekzistensial təhlükə haqqında eşidirik”, - deyə Rusiya XİN rəhbəri bildirib və Avrasiya İqtisadi Birliyinə üzvlüyün Avropa İttifaqına üzvlüklə uyğun olmadığını da vurğulayıb. Alen Simonyan isə bəyan edib ki, İrəvan hazırda Avrasiya İqtisadi Birliyindən çıxmağı zəruri hesab etmir. “Ermənistan Rusiya ilə əlaqələrdə maraqlıdır və Ermənistanda bununla bağlı başqa anlayış yoxdur. Eyni zamanda, müharibədən sonrakı ilk günlərdən etibarən, anlaşılan səbəblərə görə, regionumuzda yaranmış vəziyyəti sabitləşdirməyə çalışırıq. Mənim fikrimcə, bu, pis alınmır”, - deyə Simonyan bildirib.

KTMT ilə bağlı problemlərə toxunan Simonyan qeyd edib ki, Ermənistanın cavabını hələ də ala bilmədiyi sualları var”, - deyə nəşr bildirib.

KİV-ə görə, Simonyan “şimaldan hücumlar” mövzusunda isə vurğulayıb ki, Ermənistanı Rusiyanın ictimai mühitində səslənən ritorika narahat edir. “Siyasi xadimlər bu gün var, sabah onları başqaları əvəz edə bilər, lakin erməni cəmiyyətində Moskvadan səslənən bəyanatlara çox mənfi reaksiya verilir. Bu reaksiya ona görədir ki, Moskva önəmlidir və Moskvanın müttəfiq olması düşüncəsi olub və var. Belə ifadələri eşitmək çox ağrılıdır”, - deyə Simonyan qeyd edib.

Nəşr yazıb ki, bu kontekstdə Ermənistan parlamentinin sədrinin səfərini belə xarakterizə etmək olar: ölkə daxilində bu hakimiyyətin nümayəndələri şirə dönür, xaricdə isə pişik kimi mülayim davranırlar.

Ermənistan Respublikaçılar Partiyanın sədr müavini Armen Aşotyanın qiymətləndirməsinə görə, Alen Simonyanın səfəri “a teper ya Nataşa” şüarı altında, bundan irəli gələn bütün ifadələrlə keçib.

Aşotyan xatırladıb ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında Rusiyaya işarə edilərək “hibrid müharibə” ifadəsi dəfələrlə işlədilir.

Rusiyanın apardığı hibrid müharibə barədə dəfələrlə elə Alen Simonyanın özü danışıb. “Əgər orada bu məsələlərlə bağlı izahat tələb olunmayacaqdısa, bu halda Ermənistan parlamentinin sədrinin Moskva səfəri hansı məqsədi güdürdü?” sualına Aşotyan belə cavab verib: “İstisna etmirəm ki, onlar hakimiyyət daxilində müəyyən bölgü aparıblar, kobud desək, əgər Ruben Rubinyan türk xəttini örtürsə, Alen Simonyan da rus xəttinə cavabdehdir: burada əhval-ruhiyyəni gərginləşdirirlər, ora gedib yumşaltmağa çalışırlar”.

Aşotyan “Bu cür güzəştli və qeyri-sabit davranışdan hakimiyyət nə qazanır?” sualına cavab olaraq deyib: “Təəssüf edirəm ki, rus dairələrindən bəzən elə təəssürat alıram ki, onlar da Alenin “a teper ya Nataşa” səfəri çərçivəsində öz oyunlarını “a teper obmani menya” variantı ilə oynayırlar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin