Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, rəsmi bəyanatlarda “qardaş xalqlar” ifadəsi səslənməyə davam etsə də, səfərin bütün gedişi və ondan sonrakı reaksiyalar diplomatik formullarla gizlədilməsi çətin olan bir reallığı göstərib: Rusiyada mövcud Ermənistan hökuməti ilə işləmək istəyən yoxdur.
“Sergey Lavrov Moskvada İrəvanın son dövrdəki bəyanatlarına açıq və sərt ifadələrlə cavab verdi, Rusiyanın Ermənistana qarşı guya həyata keçirdiyi hibrid hücumlar barədə iddiaları “qəribə” adlandırdı. Bu qiymətləndirmə təkcə İrəvanın siyasi tezislərinin ciddiliyini sual altına almadı, həm də bu gün ikitərəfli münasibətlər üçün səciyyəvi olan etimadsızlığı vurğuladı.
Rusiya xarici işlər naziri Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünü də xüsusi tənqid hədəfinə çevirdi və Brüsselin Rusiyaya açıq müharibə elan etdiyini bildirdi. Bu kontekstdə Moskva İrəvanın Avropa İttifaqına müraciətlərini, guya Rusiyanın Ermənistanın parlament seçkilərinə təsirinin qarşısını almaq üçün müdaxilə və yardım çağırışlarını təxribat kimi qiymətləndirir. Bu bəyanatlar Moskva tərəfindən tərəfdaşın narahatlığı deyil, düşmən gündəminin elementi kimi qəbul olunur”, - deyə nəşr bildirib.
KİV-ə görə, Lavrov eyni zamanda vurğulayıb ki, Ermənistanın Avropa İttifaqına üzvlük planları Avrasiya İqtisadi İttifaqında iştirakla uyğun deyil.
“O, Rusiyanın Ermənistanın seçiminə hörmət edəcəyini desə də, mühüm bir məqamı xatırlatdı: Avropa İttifaqı “bizimlə olmayan bizə qarşıdır” prinsipi ilə fəaliyyət göstərir və bu seçim qaçılmaz olaraq siyasi və iqtisadi nəticələr doğuracaq. Moskvanın bu mesajı son dərəcə aydın idi və təkcə rəsmi İrəvana deyil, həm də Ermənistan daxilində formalaşan siyasi gözləntilərə ünvanlanmışdı.
Rusiya tərəfi regional blokadaların aradan qaldırılması məsələsində də mövqeyini bir daha təsdiqlədi və üçtərəfli razılaşmaları müdafiə etməyə davam etdi. Bu, Moskvanın artıq imzalanmış sənədlərdən imtina etmək niyyətində olmadığını və İrəvandakı daxili siyasi dəyişikliklərdən asılı olmayaraq onların icrasını gözlədiyini bir daha göstərdi”, - deyə müəllif yazıb.
KİV vurğulayıb ki, səfər zamanı rus jurnalistlər Alen Simonyanın əvvəlki rusofob bəyanatlarını, xüsusən də Baltik ölkələri üçün hər şeyin yaxşı olması naminə Rusiyanın məhv edilməli olduğu iddiasını xatırladıblar.
“Simonyan bu sözlərin müəllifi olduğunu təkzib etdi və müvafiq nəşrə qarşı məhkəmə iddiası qaldırdığını bildirdi, lakin mövzu səfərin ən çox müzakirə olunan epizodlarından birinə çevrildi və görüşlərin məzmununu ciddi şəkildə kölgədə qoydu.
Moskva səfəri çərçivəsində Ermənistan parlamentinin sədri ilə Rusiya xarici işlər nazirinin görüşü fonunda Ermənistan səfirliyinin qarşısında Erməni Apostol Kilsəsinə dəstək məqsədilə etiraz aksiyası keçirildi. Bu aksiya həm simvolik, həm də dərin siyasi məna daşıyırdı. Aksiya göstərdi ki, Erməni Apostol Kilsəsi ətrafındakı qarşıdurma çoxdan Ermənistanın hüdudlarını aşaraq bütün diasporun narahatlıq predmetinə çevrilib. Dünyanın müxtəlif ölkələrindəki erməni icmaları faktiki olaraq kilsənin müdafiəçisi rolunu üzərinə götürüblər və İrəvanda daxili məsələ kimi təqdim edilməyə çalışılan proseslərə reaksiya verirlər.
Alen Simonyanın Moskvaya səfəri gərginliyi azaltmaq əvəzinə, Ermənistanın mövcud hakimiyyəti ilə Rusiya arasında dərin siyasi etimadsızlığın formalaşdığını bir daha sübut etdi. Bu şəraitdə “qardaşlıq” leksikası artıq reallığı ört-basdır etmir, diplomatik təbəssümlərin arxasında isə sadə bir həqiqət aydın görünür: Moskvada Ermənistanla danışmağa hazırdırlar, amma bu hökumətə etibar etməyə hazır deyillər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az