Erməni ekspert: “Lavrov və Overçuk xəbərdarlıq etdilər, Simonyanın səfəri nəticə verməyəcək”

2026/02/1770439308.jpg
Oxunub: 400     16:17     07 Fevral 2026    
“Alen Simonyanın (Ermənistan parlamentinin sədri-red.) Moskvaya səfəri nə təsadüfi, nə də sıradan bir səfər idi, bu, Ermənistan hakimiyyətinin Moskvanı bir qədər sakitləşdirmək cəhdi idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin rəhbəri, erməni ekspert Hayk Xalatyan deyib.

“Onlar anlayırlar ki, son dövrdə səslənən bəyanatlar Moskvada ciddi narazılıq və suallar doğurub və təsadüfi deyil ki, həmin sualları həm Lavrov səsləndirdi, həm də Overçuk tərəfindən iqtisadi nəticələrlə bağlı xəbərdarlıq edildi. Ermənistanın Rusiyadan iqtisadi asılılığı xeyli artıb və belə çıxır ki, əgər Rusiya ciddi addımlar atsa, bu, sosial gərginliyə, nəticə etibarilə isə hakimiyyət üçün daxili siyasi problemlərə gətirib çıxara bilər. Məhz buna görə Alen Simonyan bu səfərlə çalışırdı ki, inandırsın: “Bilirsiniz, bu anti-Rusiya bəyanatlarının ardınca konkret addımlar gəlməyəcək”. Amma digər tərəfdən, Rusiyada da çox yaxşı anlayırlar ki, konkret addımlar artıq atılır”, - deyə o bildirib.

Xalatyanın sözlərinə görə, əgər Ermənistan hakimiyyətinin bu siyasəti davam edərsə, Rusiya istəməsə belə, öz baxışına uyğun şəkildə Ermənistan hakimiyyətinə cavab vermək məcburiyyətində qalacaq: “Hansl addımlarla cavab verəcəklər, bunu görəcəyik”.

Xalatyanın qənaətincə, Avropa İttifaqı Ermənistan hakimiyyətindən təkcə bəyanatlar səviyyəsində deyil, konkret addımlar formasında “əvəz” tələb edəcək: “Necə ki, həm ekspertlər, həm də müxalifət nümayəndələri bildiriblər, hazırkı hakimiyyətin Qərbə sata biləcəyi yeganə “məhsul” anti-Rusiya mövqeyidir. Buna görə Moskvada da çox yaxşı anlayırlar ki, Alen Simonyan nə desə də, yaxın aylarda bu anti-Rusiya xəttini kapitallaşdırmağa, yəni seçkilərdə əlavə səslər qazanmağa çalışacaqlar. Elə buna görə də bu səfər heç bir nəticə verməyəcək. Maksimum halda cüzi taktiki dəyişikliklər ola bilər, amma başa düşürlər ki, mövcud problemlər aradan qalxmayıb və hər iki tərəfdən gərginliyin azalması üçün bu yanaşmalardan imtina etmək istəyi yoxdur. Formal baxımdan bu səfər Ermənistan hakimiyyətinin gözlədiyi nəticəni vermədi”.

Bu vəziyyətdə Ermənistan Apostol Kilsəsinə qarşı aparılan kampaniyaya və xüsusilə Avstriyada keçirilməsi planlaşdırılan yepiskoplar toplantısının baş tutmasına mane olmaq üçün hakimiyyətin göstərdiyi səylərə toxunan Xalatyan qeyd edib ki, həmin toplantı Paşinyan və onun ətrafında toplaşmış şəxslər üçün “taleyüklü ola biləcək” bir çox suallara cavab verə bilər. Məhz buna görə də onlar bu toplantının baş tutmaması üçün əllərindən gələni edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Lavrov   Simonyan  


Bizi "telegram"da izləyin