“Past”: Paşinyan İrana sübut etməyə çalışır ki, ona qarşı işləmirlər

2026/02/1770439255.jpg
Oxunub: 474     19:40     09 Fevral 2026    
ABŞ-İran münasibətləri yenidən gərginləşib. Birləşmiş Ştatlar öz vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan İrana sübut etməyə çalışır ki, ona qarşı işləmirlər” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Vaşinqton və Tehran Omanın paytaxtı Maskatda görüş keçirməyə razılaşaraq İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyə hazırlaşdığı bir vaxtda, ABŞ İran ətrafında iri hərbi gəmilərin mövcudluğunu davamlı şəkildə artırır.

“Analitiklərin əksəriyyəti hesab edir ki, ABŞ böyük ehtimalla İranın nüvə obyektlərinə zərbə endirəcək və bu da bütün nəticələri ilə müşayiət olunacaq.

Ermənistan hakimiyyəti zahirən qorxu əlamətləri nümayiş etdirmir, lakin mənbələrimizin məlumatına görə, onların kifayət qədər ciddi narahatlıqları var. Onlar anlayırlar ki, belə inkişaflar həm Ermənistan, həm də özləri üçün ağır nəticələr doğura bilər. Son günlər İrana yüksək səviyyəli olmayan bir nümayəndə heyəti göndərilib və orada iranlı rəsmi şəxslərlə müzakirələr aparılaraq mövcud vəziyyətdə hansı addımların atıla biləcəyi aydınlaşdırılmağa çalışılıb”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, Ermənistan hakimiyyəti neytrallıq siyasəti elan etsə də, İranda Ermənistanın hazırkı hakimiyyətinin bəzi mövqeləri, eləcə də əvvəllər İrəvanda anti-İran etiraz aksiyalarının keçirilməsinə icazə verilməsi faktı son dərəcə mənfi qarşılanır.

“İndi Paşinyan hakimiyyəti rəsmi Tehrana bir daha sübut etməyə ehtiyac duyur ki, yaranmış vəziyyətdə Qərbin maraqlarından çıxış etməyəcək. Bu məqsədlə, əldə etdiyimiz məlumatlara görə, iranlı aktivistlər gündəlik əsasda istintaq orqanlarına və Milli Təhlükəsizlik Xidmətinə çağırılır, təzyiqlərə məruz qalırlar. Sonuncular bu barədə açıq bəyanatlar verərək, həmin məlumatları Tehrana da çatdırmağa çalışırlar. Hakimiyyətin məqsədi İrəvanın etiraz aksiyalarının arxasında dayanmadığını göstərməkdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin