Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri “Moskva Alen Simonyanın göz yaşlarına inanmadı” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, səfərdən qısa müddət əvvəl o, media orqanlarından birinə verdiyi müsahibədə “hibrid müharibə” terminini Rusiya-Ermənistan münasibətlərini təsvir etmək üçün yersiz hesab etdiyini bildirmiş, lakin İrəvanın açıq şəkildə səsləndirdiyi narahatlıqların olduğunu qeyd etmişdi.
“Xatırladaq ki, məhz Simonyan ötən ilin yazında Moskvanın Ermənistana qarşı guya “hibrid müharibə” apardığını bəyan etmişdi.
Bu cür ifadələr heç kimi təəccübləndirmədi, çünki o, Paşinyan komandasının ən ardıcıl anti-Rusiya mövqeli fiqurlarından biri hesab olunur.
Rusiya tərəfi onu yalnız bir səbəbdən dəvət etmişdi: Paşinyan administrasiyasına göstərmək üçün ki, onların səbr kasası dolub və artıq “sərt tədbirlərə” əl ata bilərlər.
Moskvanın bu addımı həm də Ermənistanda gözlənilən növbəti seçkilərlə bağlıdır. Həmin seçkilərdə Paşinyan komandası “anti-Rusiya kartı”nı oynamağa çalışacaq.
Bunun belə olduğu iqtidar komandasına yaxın media orqanlarında da aydın görünür”, - deyə məqalədə qeyd edilib.
KİV-ə görə, üstəlik, ruslar ona görə qəzəblidirlər ki, məhz Paşinyan komandasının xahişi ilə Aİ-nin xarici siyasət üzrə komissarı Kaya Kallas Moskvanın Ermənistana qarşı guya “hibrid müharibə” apardığını bəyan edib.
“Alen Simonyanın “Ermənistan Rusiyaya qarşı heç bir addım atmayacaq” iddiası Moskvada heç kimi inandırmadı.
Çünki rus müşahidəçilərin fikrincə, Moskva artıq anlayıb ki, Paşinyan özünəməxsus “günlük siyasət” yürüdür.
Onun sözlərinə Moskvada sıfır etimadla yanaşırlar.
Xüsusilə də ona görə ki, Paşinyan razılaşmalara və verdiyi vədlərə sadiqlik baxımından son dərəcə etibarsız siyasətçi olduğunu dəfələrlə göstərib.
Ötən il Paşinyan hökumətinin Aİ-yə qoşulma ilə bağlı qanun qəbul etməsi isə onun kim olduğunu və hansı məqsədlər güddüyünü tam şəkildə ortaya qoydu.
“Kremldə hamı çox yaxşı anlayır ki, “öz ölkəsinin ərazisi”ni təhvil vermiş və 120 min həmvətənini evsiz qoymuş bir şəxs strateji tərəfdaşını da satmağa hazırdır”, - deyə Kremlə yaxın olan rusiyalı ekspertlərdən biri bildirib.
Onun sözlərinə görə, Kremldə Paşinyanla bağlı artıq heç bir illüziya qalmayıb”, - deyə nəşr vurğulayıb.
Müəllifin sözlərinə görə, burada yaxşı başa düşürlər ki, hazırda Paşinyan açıq şəkildə Moskvaya qarşı çıxmaqdan yalnız qarşıdan gələn seçkilərə görə çəkinir.
“Moskvada hamı anlayır ki, əgər Paşinyanın hakimiyyəti yenidən bərpa olunarsa, həm Ermənistanın dövlət kimi vəziyyəti ciddi şəkildə pisləşəcək, həm də Rusiyanın regiondakı mövqeləri daha da zəifləyəcək.
Məhz buna görə Ankara və Qərb Paşinyanın nəyin bahasına olursa-olsun yenidən hakimiyyətdə qalmasını istəyir.
Digər tərəfdən, vəziyyət o qədər aydındır ki, Moskvada erməni xalqının özünü məhv etmə yolunu seçəcəyinə inanmırlar.
Bu gün Ermənistanda Rusiyaya qarşı mövcud olan etimadsızlığa gəlincə isə, rus ekspertin fikrincə, burada iki tərəfin də günahı var və bu, ekzistensial xarakter daşımır.
Maraqlıdır ki, Simonyanın Moskva səfəri zamanı onun ziyarətinə qarşı etiraz aksiyalarının keçirilməsinə icazə verilmişdi. Halbuki Rusiya hakimiyyəti adətən bu cür məsələlərə ehtiyatla yanaşır”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, bu dəfə isə həmin aksiyalara icazə verilib.
“Rus ekspertlərin fikrincə, Lavrovla görüş zamanı da sonuncunun verdiyi qiymətləndirmələr kifayət qədər sərt olub.
Onlar bunu onunla izah edirlər ki, Moskvanın daxilində, məhz Rusiya Xarici İşlər Nazirliyində Paşinyan hakimiyyətinə nisbətən daha loyal münasibət mövcud idi.
Məhz buna görə Lavrov bu səfər zamanı göstərməyə çalışdı ki, həmin mərhələ artıq başa çatıb və Paşinyan hakimiyyəti bundan sonra nə Kremli, nə də şəxsən onu aldatmağa davam edə bilməyəcək. Reallıq budur”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az