Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən yekun mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib.
“Azərbaycan ərazisindən maye qazın tranziti imkanı var, biz bunu açmışıq. Biznes bundan istifadə edəcəkmi? Digər bərabər şərtlər daxilində dəmir yolu daha ucuzdur, lakin insanlar bu sahəyə böyük investisiyalar qoyublar, məsələn, avtomobil alıblar. Belə olan halda, malı maşınla gətirmək onlar üçün iqtisadi baxımdan daha əlverişlidir. Lakin maşın icarəyə götürməli olan şirkətlər üçün dəmir yolu daha uyğun ola bilər. Həmçinin Yuxarı Lars keçid məntəqəsinin bağlandığı hallar olur. Artıq alternativ var”, - deyə erməni nazir bildirib.
Papoyan qeyd edib ki, Azərbaycan ərazisindən maye qazın tranziti imkanı həm də rəqabət yaradır, hətta qiymət diktə edə bilən şirkətlər belə, dəmir yolu alternativi olduğu üçün bunu artıq edə bilməyəcəklər.
Daşıma ilə bağlı əldə olunmuş razılaşmadan sonra Azərbaycan ərazisindən Ermənistana maye qaz partiyasının daşınıb-daşınmadığı barədə suala Papoyan belə cavab verib: “Bu, bir prosesdir. Hətta dərhal başlasa belə, onun artıq gəlib çatdığına əmin deyiləm”.
Ermənistan KİV-ləri qeyd edir ki, Gevorq Papoyan yanvarın sonunda Ermənistan və Azərbaycan arasında maye qazın və bitumun dəmir yolu vasitəsilə daşınmasına dair razılığın əldə olunduğunu bildirmişdi. O, iş adamlarının artıq bu imkandan yarana biləcəyini qeyd etmişdi.
Alpər Mövludoğlu
Ordu.az