Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Erməni nazir qeyd edib ki, attestasiya sisteminin təhlili nəticəsində hərbi qulluqçunun ilk vəzifə təyinatı zamanı icbari attestasiya tələbinin aktuallığını itirdiyi məlum olub.
“Bu, xüsusilə də lazımi hazırlığı başa vurduqdan sonra Silahlı Qüvvələrin müxtəlif strukturlarında müvafiq vəzifələrə təyin olunan “Vətənin müdafiəçisi” proqramının iştirakçılarına aiddir. Bundan sonra onlar attestasiya imtahanlarından azad ediləcəklər. Bundan əlavə, müxtəlif hərbi təhsil müəssisələrində təhsil almış zabitlər də topladıqları ballar əsasında attestasiyadan keçmiş hesab olunacaqlar. Hər iki halda, müvafiq vəzifələrə təyin olunduqları gündən etibarən əməkhaqqına əlavələr hesablanacaq”, - deyə Papikyan bildirib.
Ermənistan müdafiə naziri həmçinin qeyd edib ki, “Vətənin müdafiəçisi” proqramının təxminən 4 000 iştirakçısı artıq müqaviləli hərbi qulluqçuya çevrilib və bu rəqəm artmaqda davam edir.
Erməni nazirin sözlərinə görə, guya müqaviləli xidmətin beş ili tamam olduqdan sonra hərbi qulluqçular yeni müqavilə bağlayarkən əlavə birdəfəlik ödəniş alacaqlar: iki il üçün 1,5 milyon dram, beş il üçün isə 5 milyon dram.
O iddia edib ki, təklif olunan qanunvericilik təşəbbüsləri 24 və 25 yaşlı hərbi qulluqçular üçün əlavə stimullar yaratmaq məqsədi daşıyır.
“Bu, bizə peşəkar ordunun qurulması prosesini sürətləndirməyə imkan verəcək. 30 yaşına çatdıqdan sonra bu kateqoriyadan olan hərbi qulluqçuların xidməti davam etdirmək imkanı olacaq”, - deyə Papikyan əlavə edib.
Qanunvericilik təşəbbüsü müzakirələrdən sonra Ermənistan parlamentinin daimi komissiyası tərəfindən müsbət rəy alıb.
Alpər Mövludoğlu
Ordu.az