Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hazırda Azərbaycana ixrac olunmuş hər hansı Ermənistan məhsulunun olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
Erməni nazirin sözlərinə görə, səbəblər müxtəlifdir.
“İlk növbədə ondan başlayır ki, bazarlar hələ də bir-birinə kifayət qədər tanış deyil, həm bizim bazar onlar üçün, həm də onların bazarı bizim üçün kifayət qədər tanış deyil. Məncə, bunun üçün vaxt lazımdır və bu, daha çox özəl sektorun səlahiyyət sahəsinə aid olan bir prosesdir. Dövlət isə siyasi razılaşmalar, yolların açılması, dəmir yolunun fəaliyyətə başlaması və s. vasitəsilə şərait yaradır. Hazırda bu şərtlərin əhəmiyyətli bir hissəsini yaratmışıq, amma hələ tam formalaşmayıb. Məsələn, birbaşa dəmir yolu əlaqəsi hələ yoxdur, lakin bu istiqamətdə işlərin aparıldığını və bunun bir neçə ildən sonra mümkün olacağını siz də yaxşı bilirsiniz. Mən TRIPP (Zəngzur dəhlizi-red.) razılaşmasını nəzərdə tuturam, onadək isə, əlbəttə, başqa mexanizmlər də işləyə bilər”, - deyə Papoyan qeyd edib.
Papoyan, həmçinin bildirib: “Birbaşa avtomobil yolları mövcuddur, biz onları açmışıq, amma hələlik qarşı tərəf bizim yollarımızdan istifadə etmir ki, məsələn, məhsullarını Ermənistan üzərindən Türkiyəyə və ya əks istiqamətdə daşısın”.
Erməni nazirin sözlərinə görə, bu proses vaxt aparan və mürəkkəb prosesdir.
“İki il əvvəl hamı danışırdı ki, istənilən an müharibə başlaya bilər, indi isə hamı danışır ki, niyə bu və ya digər məhsul satılmır və ya hələ satılmayıb. Bu, artıq çox yaxşıdır. Məncə, müharibə mövzusundan sülh mövzusuna keçid özü-özlüyündə fantastikdir. Sülhün faydaları barədə danışmaq çox yaxşıdır və biz bunu artırmalıyıq ki, maksimum fayda əldə edək”, - deyə o vurğulayıb.
Papoyanın qiymətləndirməsinə görə, ən böyük nəticə ondan ibarətdir ki, bu gün müharibə ehtimalı demək olar ki, sıfıra yaxınlaşdırılıb, halbuki iki il əvvəl bu ehtimal çox yüksək idi.
“Bu gün biz artıq sülhdən danışırıq. Bunun nəticələrini müxtəlif qərarlarımızda, o cümlədən qanunvericilik sahəsində də görmüsünüz. Bir il əvvəl heç kim Ermənistanla Azərbaycanın ticarət edəcəyini təsəvvür etmirdi. Bütün bunlar zaman tələb edir, çünki bunlar uzunmüddətli və mürəkkəb proseslərdir, asan deyil”, - deyə Papoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az