Revanşist narrativdən idarə olunan psixoloji təminata: Ermənistanın hərbi ideoloji xəttində dönüş cəhdi (ANALİZ)

2026/01/1768631117.jpg
Oxunub: 1035     11:55     06 Fevral 2026    
Ermənistanın silahlı qüvvələrində mənəvi xidmət modelinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar son aylarda baş verən institusional transformasiyanın konkret hüquqi çərçivəsini formalaşdırır. Ermənistan müdafiə naziri Suren Papikyanın 29 yanvar 2026-cı il tarixli 159 nömrəli əmri və onun 1 fevraldan qüvvəyə minməsi faktiki olaraq Ermənistan Apostol Kilsəsinin ordu daxilindəki fəaliyyət formatını yenidən müəyyənləşdirir. Əvvəllər ruhanilər Üçmüədzinə bağlı dini institutun nümayəndəsi kimi fəaliyyət göstərirdisə, yeni sistemdə onlar Müdafiə Nazirliyi və Baş Qərargahın mənəvi-psixoloji təminat xətti üzrə tabeliyə daxil edilir. Bu dəyişiklik formal əməkdaşlıq mexanizminin saxlanılması deyil, dini elementin dövlət idarəetmə vertikalına inteqrasiyası kimi qiymətləndirilə bilər.

Bu inteqrasiya hüquqi məsuliyyət və idarəetmə parametrlərini dəyişdirir. Ruhanilərin fəaliyyət planlaşdırılması, hesabatlılıq və intizam mexanizmləri artıq kilsə kanonları ilə deyil, Ermənistan Müdafiə Nazirliyinin daxili qaydaları ilə müəyyənləşdirilir. Beləliklə, dini fəaliyyətin ordu daxilində müstəqil təsir kanalı kimi çıxış etməsi məhdudlaşdırılır və institusional təsir sahəsi inzibati çərçivəyə bağlanır. Bu məqam Ermənistanın təhlükəsizlik sektorunda idarəetmənin mərkəzləşdirilməsi istiqamətində atılmış addım kimi təqdim olunur.

Məsələnin hüquqi konteksti 1997-ci ildə imzalanmış əməkdaşlıq memorandumu fonunda daha aydın görünür. Həmin sənəd əsasında Apostol Kilsəsinin kapellan xidməti sərhəd qoşunlarında və digər hərbi hissələrdə fəaliyyət göstərmiş və uzun müddət dini-mənəvi təsir elementi kimi tətbiq olunmuşdu. Yeni qərar isə həmin modelin hüquqi statusunu dəyişdirərək, kapellanlığın müstəqil institusional rolunu faktiki olaraq aradan qaldırır və onu dövlət strukturu daxilində funksional xidmətə çevirir.

Bu dəyişikliklər fonunda əsas müzakirə predmeti qərarın mahiyyətidir. Onun idarəetmənin səmərələşdirilməsi kimi təqdim edilməsi mümkün olsa da, digər tərəfdən bu addım kilsənin ordu daxilində müstəqil təsir mexanizminin bağlanması kimi də qiymətləndirilə bilər. Bu baxımdan qərar sadəcə struktur korrektəsi deyil, dövlət və dini institutlar arasında təsir balansının yenidən qurulması kimi qəbul olunur.

İdeoloji xətt üzrə səlahiyyətllərin paylanması və struktur inteqrasiya

Yeni model ruhanilərin fəaliyyətini mənəvi-psixoloji təminat blokuna inteqrasiya etməklə orduda ideoloji xəttin desentralizasiyası istiqamətində praktiki nəticələr yaradır. Əvvəllər ayrıca dini institut kimi qəbul olunan komponent artıq şəxsi heyətin psixoloji hazırlığı və ideoloji tərbiyəsinə cavabdeh strukturun elementinə çevrilir. Bu dəyişiklik texniki inzibati addım kimi görünsə də, onun siyasi və sosial təsiri daha genişdir.

Ruhanilər üçün “baş hərbi keşiş” və “hərbi keşiş” vəzifələrinin yaradılması, onların mayor və kapitan rütbələrinə uyğunlaşdırılması dini xidmətin hərbi idarəetmə sisteminə inteqrasiyasını gücləndirir. Bu yanaşma bir tərəfdən dini funksiyanın saxlanıldığını göstərir, digər tərəfdən həmin funksiyanın hərbi intizam, müqavilə öhdəlikləri və kadr siyasəti ilə çərçivələndiyini təsdiqləyir. Beləliklə, ruhaninin institusional loyaliteti məsələsi (kilsə iyerarxiyasına, yoxsa dövlət strukturuna bağlılıq) yeni modeldə fərqli məzmun qazanır. Bu struktur dəyişiklikləri təhlükəsizlik gündəliyinin intensivləşdiyi dövrdə həyata keçirilir. Orduda vahid ideoloji intizamın təmin olunması məqsədilə dini elementin inzibati sistemə bağlanması hakimiyyət tərəfindən təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi əsaslandırıla bilər. Eyni zamanda bu addımın kilsənin sosial-siyasi təsir imkanlarının məhdudlaşdırılması kontekstində şərh edilməsi də mümkün yanaşmalardan biridir.

Beləliklə, ideoloji-psixoloji təminat blokuna inteqrasiya ordunun idarəetmə fəlsəfəsində dəyişikliklərə işarə edir. Dini xidmət artıq xüsusi statuslu institut deyil, hərbi struktur daxilində müəyyən edilmiş funksiyanın icraçısı kimi fəaliyyət göstərir və bu, Ermənistan təhlükəsizlik sistemində idarəetmə modelinin transformasiyasını göstərən nümunə kimi qiymətləndirilir.

Kadr siyasəti və institusional filtr mexanizmi

Struktur dəyişiklikləri personal statistikası və kadr mexanizmlərində də öz əksini tapır. Mövcud məlumatlara görə, silahlı qüvvələrdə fəaliyyət göstərən 42 ruhanidən yalnız 8 nəfəri müddətli xidmət statusunda idi, qalan 34 nəfər isə könüllü əsasda fəaliyyət göstərirdi. Bu model kilsənin öz kadr siyasətini daha sərbəst həyata keçirməsinə imkan yaradırdı. Yeni qaydalar isə fərqli seçim çərçivəsi formalaşdırır.

Tabelik dəyişdirildikdən sonra ruhanilər ya Ermənistan Müdafiə Nazirliyinin strukturuna inteqrasiya olunmalı, ya da fəaliyyətlərini dayandırmalıdır. Bu seçim mexanizmi faktiki olaraq filtr rolunu oynayır və dövlət qaydalarına uyğunlaşan şəxslərin sistemdə qalmasına imkan verir. Nəticədə kilsənin ordu daxilindəki şəbəkəsi daralır və ruhanilər dövlət idarəetmə modelinə uyğunlaşdırılmış status alır.

Hərbi qulluqçu statusunun verilməsi bu transformasiyanın əsas elementlərindən biridir. Bu status ruhanilərin fəaliyyətini müqavilə, intizam və hüquqi məsuliyyət mexanizmləri ilə çərçivələndirir. Bununla yanaşı onların ictimai fəaliyyət sərhədləri və dini mesajların məzmununa dair tənzimləmə imkanları genişlənir və bu da institusional münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu kadr transformasiyası dövlət və kilsə arasında təsir balansının dəyişdiyini nümayiş etdirir. Ruhanilərin funksional icraçı modelinə keçirilməsi dini institutun ordudakı institusional rolunun yenidən müəyyənləşdirilməsi deməkdir və bu, təhlükəsizlik sektorunda idarəetmə sisteminin yenidən formalaşdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.

Resurs nəzarəti və mülkiyyət mübahisələrinin siyasi konteksti

Struktur dəyişiklikləri paralel olaraq mülkiyyət və resurs məsələləri ilə müşayiət olunur. Ermənistan Baş Prokurorluğunun 2018-2019-cu illərdə Müdafiə Nazirliyi tərəfindən kilsəyə verilmiş obyektlər və təxminən 9 hektar torpaq sahəsi üzrə müqavilələrin etibarsız sayılması tələbi bu prosesin yalnız inzibati deyil, resurs yönümlü xarakter daşıdığını göstərir. Bu addımlar kilsənin ordu daxilində fiziki mövcudluğuna təsir edir.

Həmin sahələrin Müdafiə Nazirliyinin balansına qaytarılması təşəbbüsü dini fəaliyyət üçün istifadə edilən infrastrukturun məhdudlaşdırılması anlamına gəlir. Bu isə struktur qərarlarının praktiki müstəviyə keçdiyini və qarşıdurmanın yalnız ideoloji deyil, maddi resurslar səviyyəsində də davam etdiyini göstərir. Məsələnin kommunikasiya müstəvisində müzakirəsi də ictimai legitimlik uğrunda informasiya rəqabətinin formalaşdığını göstərir.

Struktur qərarları ilə resurs iddialarının eyni dövrdə baş verməsi idarəetmə və nəzarət mexanizmlərinin koordinasiyalı şəkildə yenilənməsi kimi şərh oluna bilər. Bu kontekstdə dəyişikliklər təkcə dini xidmətin transformasiyası deyil, təhlükəsizlik sektorunda institusional səlahiyyət bölgüsünün yenidən qurulması kimi qiymətləndirilir. Qəbul edilən qərarlar hüquqi dəyişiklik, struktur inteqrasiya, kadr siyasəti və resurs nəzarətinin eyni prosesin komponentləri olduğunu göstərir. Ermənistanın kilsə-dövlət münasibətlərində müşahidə olunan bu transformasiya təhlükəsizlik sektorunun institusional arxitekturasında yeni mərhələnin formalaşdığını və təsir balansının yenidən müəyyənləşdirildiyini əks etdirir.

Nəticə

Yuxarıda qeyd olunan faktorlar göstərir ki, Ermənistan ordusunda mənəvi xidmət modelinin dəyişdirilməsi yalnız inzibati qərar kimi deyil, daha geniş siyasi-strateji kontekstdə qiymətləndirilməlidir. Bu addımın motivlərini anlamaq üçün prosesə həm daxili hakimiyyət-institut münasibətləri prizmasından, həm də təhlükəsizlik sektorunun transformasiyası baxımından baxmaq lazımdır. Əvvəlki hissədə qeyd edilən struktur və hüquqi dəyişikliklər fonunda burada əsas məsələ artıq “nə dəyişdi” deyil, “niyə dəyişdirildi” sualıdır.

İlk növbədə, Ermənistan hakimiyyətinin ordunu kilsə təsirindən uzaqlaşdırmaq cəhdi dövlət idarəetməsində nəzarətin mərkəzləşdirilməsi siyasəti ilə uzlaşır. Apostol Kilsəsi ölkədə yalnız dini institut deyil, həm də milli kimlik və siyasi rəmz funksiyası daşıyan strukturdur və tarixən ordu daxilində ideoloji təsir kanallarından biri olub. Hakimiyyət üçün bu təsir paralel legitimlik mənbəyi yaradır, yəni şəxsi heyətin düşüncə mühitinə dövlət ideoloji xəttindən kənar təsir imkanı öz mövcudluğunu saxlayır. Ermənistanda ordunun məhz təhlükəsizlik baxımından həssas institut olduğunu nəzərə alsaq, belə paralel təsir kanallarının məhdudlaşdırılması siyasi rəhbərliyin nəzarət prioriteti kimi görünür.

İkinci mühüm faktor Ermənistandakı daxili siyasi balansla bağlıdır. Son illər Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında münasibətlər açıq qarşıdurma həddinə çatıb. Kilsənin ictimai rəy üzərində təsiri, müharibədən sonrakı dövrdə səsləndirdiyi mövqelər və milli ideoloji ritorikada oynadığı rol Paşinyan hakimiyyəti üçün potensial siyasi təzyiq alətinə çevrilə bilərdi. Ordudakı təsir kanallarının zəiflədilməsi bu kontekstdə yalnız təhlükəsizlik yox, həm də daxili siyasi risklərin idarə edilməsi addımı kimi şərh olunur.

Üçüncü səbəb Ermənistanda hərbi institutun transformasiyası ilə bağlıdır. Müharibə məğlubiyyətindən sonra Ermənistan ordusunda struktur islahatları aparılması, NATO standartlarına uyğunlaşdırma və idarəetmə modellərinin yenilənməsi tez-tez vurğulanır. Bu yanaşma çərçivəsində dini institutun müstəqil təsir subyekti kimi deyil, administrativ sistemə inteqrasiya olunmuş xidmət funksiyası kimi saxlanılması Qərb hərbi idarəetmə modellərinə uyğunlaşdırma cəhdi kimi təqdim edilə bilər. Bu isə qərarın ideoloji yox, institusional modernləşmə çərçivəsində əsaslandırılmasına imkan verir.

Dünya təcrübəsinə baxdıqda müxtəlif modellər mövcuddur və Ermənistanın seçdiyi yanaşma tam unikal deyil. ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələrdə kapellan xidməti mövcuddur, lakin həmin ruhanilər dövlətin hərbi strukturuna daxil edilir, hərbi intizam və müqavilə çərçivəsində fəaliyyət göstərirlər. Onlar dini institutun nümayəndəsi olmaqla yanaşı, komandanlıq zəncirinə inteqrasiya olunmuş status daşıyırlar. Digər tərəfdən Fransa və Türkiyə kimi modelə malik dövlətlərdə orduda dini institutun rolu ciddi məhdudlaşdırılıb və ya simvolik səviyyədə saxlanılır. Ermənistanın yeni yanaşması bu iki model arasında keçid forması kimi görünür, dini varlıq tam aradan qaldırılmır, lakin müstəqilliyi ləğv edilərək inzibati tabeliyə salınır.

Bu dəyişikliklər Ermənistanda kilsənin mümkün reaksiyasını da gündəmə gətirir. Apostol Kilsəsi tarixi nüfuzunu və ictimai dayaqlarını nəzərə alaraq açıq konfrontasiya xəttini seçməyə bilər, lakin bir neçə istiqamətdə əks addımlar atması mümkündür. Birincisi, ictimai diskursda mövqelərini gücləndirməklə Paşinyan hakimiyyətinin qərarlarını legitimlik müstəvisində tənqid etmək və dini-milli identiklik narrativini önə çəkmək. İkincisi, hüquqi müstəvidə, xüsusən əmlak və müqavilə məsələləri üzrə məhkəmə mexanizmlərindən istifadə etməklə institusional mövqelərini qorumağa çalışmaq. Üçüncüsü isə qeyri-formal təsir kanalları vasitəsilə hərbi və veteran icmalarında sosial dayaqları saxlamaq cəhdi ola bilər.

Bununla yanaşı, artıq Ermənistanda kilsənin manevr imkanları məhduddur, çünki inzibati və hüquqi alətlər dövlətin nəzarətindədir. Ermənistan ordusundakı struktur dəyişiklikləri nəticəsində kilsənin şəxsi heyətlə birbaşa gündəlik təmas imkanları azalır və bu, uzunmüddətli perspektivdə onun təsir radiusunun daralmasına səbəb ola bilər. Bu proses yalnız institusional deyil, həm də ideoloji nəticələr doğurur, ordu daxilində dini motivli mobilizasiya və emosional ritorikanın yerini daha praqmatik və idarə olunan psixoloji hazırlıq modelləri tutur.

Bu kontekstdə xüsusilə diqqət çəkən məqam Ermənistan siyasi diskursunda zaman-zaman ortaya çıxan revanşist motivlərin də təsir müstəvisinin dəyişməsidir. Erməni Apostol Kilsəsi tarixən milli yaddaş və münaqişə narrativlərinin formalaşmasında mühüm rol oynayıb və bir çox hallarda emosional səfərbərlik ritorikasını gücləndirən platforma kimi çıxış edib. Ermənistanda ordudan institusional məsafələndirmə bu təsirin zəiflədilməsi və revanşist ideoloji impulsların hərbi struktura birbaşa ötürülməsi imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bu, hakimiyyətin daha kontrollu və rasional təhlükəsizlik narrativi formalaşdırmaq cəhdinin göstəricisi kimi də şərh olunur.

Eyni zamanda bu addımın tam nəticəsi yalnız qısamüddətli perspektivdə qiymətləndirilə bilməz. Ermənistanda dövlət-kilsə münasibətlərində tarixi bağlılıq dərin olduğundan, təsirin tam aradan qalxması deyil, formanın dəyişməsi ehtimalı daha real görünür. Kilsənin ictimai legitimliyi və simvolik kapitalı qalmaqda davam etdikcə, o, dolayısı təsir mexanizmlərini saxlayacaq, lakin ordudakı struktur dəyişikliklər bu təsirin institusional və sistemli xarakterini zəiflədir.

Nəticə etibarilə Ermənistan hakimiyyətinin atdığı addım bir neçə paralel məqsədi əhatə edir: təhlükəsizlik sektorunda vahid idarəetmə xəttinin möhkəmləndirilməsi, daxili siyasi balansın qorunması, hərbi institutun modernləşdirilməsi və ideoloji xətt üzrə səlahiyyətllərin paylanması. Bu qərar yalnız dini xidmət modelinin dəyişdirilməsi deyil, daha geniş mənada Paşinyan hakimiyyətinin güc strukturları üzərində təsir sahələrinin yenidən bölüşdürülməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Onun uzunmüddətli təsiri isə Ermənistanın kilsə-dövlət münasibətlərində hansı balans modelini seçəcəyindən və bu balansın təhlükəsizlik siyasətinə necə inteqrasiya olunacağından asılı olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə   Böhran  


Bizi "telegram"da izləyin