Erməni deputat: “İndiki vəziyyətdə maraqlar baxımından risklər Azərbaycan tərəfi üçün minimallaşdırılıb, demək olar ki, sıfıra endirilib”

2026/02/1770363268.jpg
Oxunub: 424     15:14     06 Fevral 2026    
“Həm iqtisadi, həm təhlükəsizlik, həm də ümumiyyətlə Ermənistanın dayanıqlı inkişafı baxımından ola biləcək ən mühüm uzunmüddətli fayda yolların açılmasında real qarşılıqlılıq prinsipidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Haaystan” fraksiyasının deputatı, erməni iqtisadçı Tadevos Avetisyan deyib.

Onun sözlərinə görə, bu maneəsiz keçid Azərbaycan ərazisindən Naxçıvana və s. istiqamətlərdə bütün güc və imkanlar daxilində çox aydın şəkildə təsvir edilib.

“Hər şey dəqiq, təfərrüatlı şəkildə yazılıb və maksimum müəyyənlik gətirilib. Biz Ermənistanın vətəndaşları olaraq gözləyirik ki, eyni enerji, peşəkar səy və müəyyənliklə həmin sənəddə, məsələn, Naxçıvan ərazisindən keçməklə Mehrini Arazdəyənlə necə birləşdirəcəyimizi də oxumalıydıq. Bu, güzgü effekti və qarşılıqlılıq prinsipinin tam tətbiqi olardı. Bütöv bir sənədi oxuyursan, səhifələrlə konkret bir tərəfin maraqlarının tam təzahürü təsvir olunur, digər tərəf üçün isə sadəcə qeyri-müəyyən bir ifadə işlədilir: “qarşılıqlı fayda əldə edəcək”. Burada sual yaranır. Bu, klassik mənada sonsuz bir qeyri-müəyyənlikdir. Qeyri-müəyyənliyin birbaşa davamı isə riskdir.

Bu riskin hansı formalarda təzahür edəcəyi isə artıq kimin təxəyyülünün nə qədər geniş olmasından asılıdır. Təbiidir ki, bu tezi müdafiə edən öz təxəyyülü ilə ictimaiyyət üçün “qızıl dağlar” çəkəcək, digər tərəf isə öz pessimist ssenarisini təqdim edəcək. Lakin obyektiv mənzərə belədir: əgər bu gün məsələləri konkretləşdirmirsənsə və sabahın şərhlərinə buraxırsansa, deməli, sonsuz risklərlə üz-üzəsən. Müqavilədə səhifələrlə TRIPP-in necə işləyəcəyi, Azərbaycan tərəfi üçün maneəsiz keçid şəraitinin necə təmin olunacağı təsvir edilib. Orada həmin o bir kəlmə “maneəsiz” sözü və bir də qarşılıqlılıq prinsipi yazılsaydı, həmin müqavilə cəmi iki-üç cümlədən ibarət ola bilərdi. O halda hər iki tərəf üçün böyük qeyri-müəyyənliklər və risklər yaranardı. İndiki vəziyyətdə isə maraqlar baxımından risklər Azərbaycan tərəfi üçün minimallaşdırılıb, demək olar ki, sıfıra endirilib, lakin erməni tərəfi üçün sonsuz qeyri-müəyyənliyə doğru meyillidir”, - deyə Avetisyan bildirib.

O qeyd edib ki, orada ABŞ investisiyası da var, ABŞ ilə əldə olunmuş razılaşmaların nəticəsi olan şərtlər də daxil edilib.

“Lakin ən azı keçidin maneəsizliyi prinsipləri və təsbit edilmiş meyarlar yolların açılması kontekstində erməni tərəfi üçün həyati əhəmiyyət kəsb edən yollar üçün də müəyyən edilməlidir”, - deyə Avetisyan vurğulayıb.

Erməni deputat deyib ki, bugünkü reallığın fundamental problemlərindən biri cəmiyyəti parçalamaq, “qaralar və ağlar”a, məmurlar və təqaüdçülərə, hətta məmurların və deputatların özlərini bir-birindən ayırmaqdır.

“Bu, bizi heç bir yerə aparmayacaq. Çünki bəli, dövlət məmuru ləyaqətli maaş almalıdır, daha səmərəli işləyən məmur gördüyü işə uyğun mükafatlandırılmalı və fəaliyyəti pul forması ilə də stimullaşdırılmalıdır. Lakin öz sahəsini iflasa uğratmış yüksək vəzifəli çinovnikin hər ay öz maaşı qədər mükafat alması başqa bir şeydir, bu, nə hüquqi, nə ədalətli, nə də səmərəlidir. Bu, sadəcə dövlət resurslarının israfıdır. Bunları bir-birinə qarışdırmayaq. Ümumi sağlamlıq sığortası sistemi tətbiq olundu, yaşlı əhalimiz indi bu formatdan yararlanır, lakin bu başqa bir vəd idi və hakimiyyətin ictimaiyyətə verdiyi və bunun müqabilində səs aldığı sosial müdafiə vədləri ilə əlaqəsi yox idi. Əgər sən şərti olaraq 20 vəd vermisənsə və deyirsənsə ki, 2-ni yerinə yetirmişəm, ona görə bu 18-ni yerinə yetirmirəm, bu o deməkdir ki, sən sadəcə yalan danışırsan və ən başından aldatmısan. Bəs nə vəd etmişdilər? Onlar dörd ölçülə bilən sosial vəd vermişdilər, üç bənddə ifadə olunmuşdu, lakin dördünü də yerinə yetirmədilər. Demişdilər ki, minimum əmək haqqı 85 min dram olmalıdır, indi 75 min dramdır.

Demişdilər ki, minimum pensiya ərzaq səbətinin dəyəri qədər olmalıdır. İndi minimum pensiya 36 min dramdır, yəni ərzaq səbətinin dəyərindən təxminən 7 min dram azdır. Demişdilər ki, orta pensiya minimum istehlak səbətinin dəyərinə bərabər olmalıdır. Orta pensiya təxminən 50 mindir, minimum istehlak səbətinin dəyəri isə 80 min dramdır, fərq 30 min dramdır. Bu vədlər çox aydın şəkildə ifadə olunub, həmin sənəd hər kəs üçün əlçatandır. Hər kəs hökumətin beşillik proqramında bunu oxuyub aldandıqlarını, yəni vədlərin yerinə yetirilmədiyini görə bilər. Uzun müddət mən bu risklərdən danışanda deyirdilər ki, hələ vaxt var, vədimizi yerinə yetirəcəyik. Vaxt bitdi, vəd yerinə yetirilmədi, bunu qeyd edirik.

Bu vədlərin yerinə yetirilməməsi nəticəsində elə bir vəziyyət yaranıb ki, 2021-ci illə müqayisədə bu gün təqaüdçülərimizin və “işləyən yoxsulların” (minimum əmək haqqı alanların) həyat keyfiyyəti aşağı düşüb. Çünki orta inflyasiya, yəni minimum istehlak səbətinin dəyəri bu müddət ərzində həmin insanların nominal gəlirlərindən əhəmiyyətli dərəcədə daha çox artıb. O zaman aldıqları gəlirlə bu insanlar daha yaxşı yaşayırdılar, hərçənd indi rəqəm olaraq daha çox alırlar. Söhbət həm pensiyaçılardan, həm müavinət alan yoxsullardan, həm də minimum əmək haqqı alan işləyən yoxsullardan gedir. Beş il idarə ediblər, kimə nə istəyib vəd veriblər, lakin əhalinin təxminən 40 faizini təşkil edən ehtiyaclı təbəqənin həyat keyfiyyətini daha da pisləşdiriblər. Bu bir faktdır və öz vədlərini də yerinə yetirməyiblər”, - deyə Avetisyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan  


Bizi "telegram"da izləyin