Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, məqsəd qanunu daha da sərtləşdirmək və müxalif media resursları üçün yeni məhdudiyyətlər tətbiq etməkdir.
“Xüsusilə parlament seçkiləri ərəfəsində Nikol Paşinyan və onun komandası üçün informasiya sahəsi üzərində mümkün qədər geniş nəzarət bərqərar etmək olduqca vacibdir, əks halda, mövcud hakimiyyətin məğlubiyyətini qaçılmaz hesab etmək olar.
“Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrimizin verdiyi məlumata görə, qanunvericilik təşəbbüslərinin hazırlanması ilə Sisak Qabrielyanın rəhbərlik etdiyi parlamentin Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyası, habelə hökumət tərəfindən yaradılmış “İctimai Rifah Naminə Media Mühiti” adlı fond məşğul olur. Ötən ilin aprel ayında hökumət dövlət vəsaiti hesabına fond yaradılması barədə qərar qəbul etmişdi. Rəsmi izahata görə, bu fond televiziya kanallarına “ictimai faydalı media məzmunu” yaratmaq üçün qrantlar verməli idi”, - deyə nəşr bildirib.
Nəşrin mənbəsi bildirib ki, qanun dəyişiklikləri ilə KİV-lərin maliyyə və məzmun nəzarətini maksimum dərəcədə sərtləşdirmək, həmçinin hazırkı hakimiyyətə qarşı fəaliyyət göstərən bütün KİV-lər üçün ciddi maneələr yaratmaq, o cümlədən cəzalandırmaq, akkreditasiyadan və dövlət qeydiyyatından məhrum etmək nəzərdə tutulur.
“Mənbənin bildirdiyinə görə, artıq yaxın həftələrdə müvafiq qanun layihəsi hökumətin müzakirəsinə təqdim ediləcək, qəbul olunduğu təqdirdə isə parlamentə göndəriləcək. Hazırkı hakimiyyət artıq qanunlarda dəyişiklik edərək müşahidə missiyalarının səlahiyyətlərini məhdudlaşdırıb, indi isə növbə mediaya çatıb.
Yaxın vaxtlarda siyasi partiyaların hüquqlarının da məhdudlaşdırılmasına cəhd ediləcəyi barədə məlumatlar var. Və bütün bu hərəkətlər Avropa İttifaqının ekspert dəstəyi ilə həyata keçirilir”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az