Ermənistan üçün nüvə kabusu: “Rybar”ın əsas tezisi nədir?

2026/02/1770362241.jpg
Oxunub: 469     12:16     09 Fevral 2026    
Ermənistan hökumət dairələrində ABŞ-nin vitse-prezidenti C.D. Vensin İrəvana gözlənilən səfəri zamanı təkcə “Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) deyil, həm də ABŞ-nin kiçik modulyar elektrik stansiyasının tikintisi ilə bağlı danışıqların aparılması imkanları aktiv şəkildə müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Rybar.ru” nəşri “Ermənistan üçün nüvə kabusu” başlıqlı məqaləsində yazıb.

Nəşr xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp “sülh təşəbbüslərini gücləndirmək” və Ermənistanın cənubundan keçən TRIPP layihəsini təşviq etmək üçün Vensin fevral ayında Ermənistan və Azərbaycana səfər edəcəyini bəyan edib. İrəvanda tərəflərin birgə müəssisənin yaradılması haqqında saziş imzalayacağı gözlənilir ki, burada amerikalılar 74%, ermənilər isə cəmi 26% paya sahib olacaqlar.

“Bununla belə, bir çox mənbələr təsdiqləyir ki, Vens Ermənistanda həm də ABŞ-nin nüvə layihəsinin təşviqinə diqqət yetirəcək və bu, “Rosatom” tərəfindən xidmət göstərilən Ermənistan Atom Elektrik Stansiyasına (AES) alternativ olaraq təqdim ediləcək.

Nələr baş verir? İrəvan uzun müddətdir ki, “Rosatom”un layihələndirib tikə biləcəyi kiçik modulyar reaktorun inşası məsələsini müzakirə edir. Lakin ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır, buna görə də öz xidmətlərini ermənilərə diktə edir. Əvvəllər belə şayiələr yayılmışdı ki, Ermənistan hakimiyyəti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı “Rosatom” ilə həddindən artıq qeyri-konstruktiv dialoq aparır və aşkar surətdə ondan uzaqlaşmaq üçün bəhanə axtarır”, - deyə KİV vurğulayıb.

Nəşr qeyd edib ki, 2024-cü ildə Ermənistan hakimiyyəti ABŞ-nin mülki nüvə texnologiyalarına çıxış imkanı verən “123-cü saziş”ə qoşulub.

“Lakin problem ondadır ki, amerikalıların bu texnologiyası yoxdur və bütün kiçik modulyar reaktor layihələri hələ layihələndirmə mərhələsində uğursuzluğa düçar olub. Lakin Vaşinqton və İrəvan bundan narahat deyillər. Nəticə etibarilə, Ermənistan artıq Türkiyə və Azərbaycanın elektrik şəbəkələrinə qoşulur, yəni öz enerji mənbələrinin mümkün itkisi yeni tərəfdaşlar vasitəsilə kompensasiya edilir.

Beləliklə, atom enerjisini bu sahədə ümidsizcə geri qalan amerikalılara təslim etmək Ermənistanı ciddi problemlərlə üz-üzə qoyacaq. Lakin Ermənistan hakimiyyəti nə vaxtsa ölkə üçün narahat olub?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin