“Past”: Qərb Paşinyanın “göz yaşlarına” inanmır

2026/02/1770360619.jpg
Oxunub: 394     10:48     06 Fevral 2026    
Səkkiz ildir ki, Ermənistanda hakimiyyət sükanını qəsb edən Paşinyan və komandası mütəmadi olaraq demokratiyadan, bu istiqamətdə atdıqları addımlardan danışır, Ermənistanı isə guya beynəlxalq arenada ciddi nüfuza malik olan “demokratiya bastionu” kimi təqdim etməyə çalışırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qərb Paşinyanın “göz yaşlarına” inanmır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, lakin hətta Paşinyanı dəstəkləyən Qərb və onun hüquq-müdafiə strukturları belə bu istiqamətdə çox ciddi problemlərin olduğunu qeydə alır.

“Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Human Rights Watch” 2025-ci il üzrə hesabatında Ermənistanda insan haqlarının vəziyyətinin birmənalı olmadığını təsdiqləyir. Bir tərəfdən hakimiyyət korrupsiya ilə mübarizə və qanunun aliliyi istiqamətində islahatları davam etdirir, digər tərəfdən isə insan hüquqları sahəsində ciddi narahatlıqlar, o cümlədən dövlət tərəfindən gücləndirilmiş nəzarət, media azadlığının məhdudlaşdırılması və əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik halları qalmaqdadır”, - deyə KİV bildirib.

Nəşr yazıb ki, xüsusilə, hesabatda polis özbaşınalığı halları üzrə aparılan səmərəsiz araşdırmalar, məhkəmə müstəqilliyinin olmaması və cinayət prosesləri zamanı qətimkan tədbiri kimi həbsdən həddindən artıq istifadə edilməsi vurğulanır.

“Həmçinin, hakimiyyətin vətəndaşların şəxsi məlumatlarına daha geniş çıxış əldə etməsinə imkan verən konkret qanunlar qeyd olunur. Hesabatda 2025-ci ilin ilk altı ayında media nümayəndələrinə qarşı həyata keçirilən onlarla fiziki və digər xarakterli təzyiq halları, təhdidlər, təhqirlər, eləcə də böhtan ittihamı ilə qaldırılan məhkəmə iddiaları xüsusi yer tutur. Bütün bunlar sübut edir ki, hətta Qərb də Nikol Paşinyanın əminliklə verdiyi bəyanatlara inanmır və Ermənistanı qətiyyən demokratik dövlət hesab etmir”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin