Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri, Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Hayk Mamicanyan deyib.
Onun sözlərinə görə, faktiki olaraq belə bir reallıq mövcuddur ki, Ermənistanda TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin hələ ilkin mərhələdə icrası Azərbaycan Dövlət Neft Fondu ilə müqaviləsi olan bir şirkət tərəfindən həyata keçirilir.
“Hətta ABŞ tərəfinə aid olan 74% pay Azərbaycana ötürülməsə belə, aydındır ki, hazırda Azərbaycan kapitalı TRIPP işlərinə cəlb olunub.
Azərbaycan TRIPP layihəsində pay sahibi olacaq. TRIPP layihəsinin maliyyələşdirilməsi 74% həcmində Azərbaycan kapitalı vasitəsilə həyata keçirilə bilər. Azərbaycan Dövlət Neft Fondu ABŞ-nin ən iri investisiya fondları olan “Brookfield Asset Management”, “BlackRock” və GIP ilə strateji tərəfdaşlıq müqavilələri imzalayıb. Bu əməkdaşlıq çərçivəsində, o cümlədən infrastrukturun inkişafı və logistika sahələri də nəzərdə tutulur.
Bu kanalla Azərbaycanın TRIPP-in tikinti hüququnu əldə edən şirkətin ABŞ payına aid olan 74% hissəsində öz payını almayacağına hansı zəmanət var?”, - deyə Mamicanyan qeyd edib.
Mamicanyan bildirib ki, əvvəlcə ABŞ vitse-prezidenti Vensin səfəri haqqında danışılarkən, regional səfər gündəmdə yox idi.
“Vens yalnız Ermənistana gəlməli idi. Bir məqamda hər şey dəyişdi və bu, Davosla üst-üstə düşdü. Trampın paylaşdığı ABŞ gündəmlərindəki fərqə diqqət yetirin: Ermənistanla nüvə və yarımkeçiricilər sahəsində müqavilə imzalanacaq, Azərbaycanla isə müdafiə və hərbi dəstək sahəsində əməkdaşlıq nəzərdə tutulur”, - deyə o vurğulayıb.
Erməni deputat deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxa bilməz.
“Onların göstərdikləri və göstərmədikləri bütün iqtisadi “uğurlar” Avrasiya İqtisadi Birliyi sayəsindədir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az