Ordu.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində paylaşdığı videoda Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının deputatı Hayk Mamicanyan bildirib.
O, daha əvvəl səsləndirdiyi narahatlığa toxunaraq qeyd edib ki, TRIPP layihəsinin maliyyələşdirilməsi 74 faiz həcmində Azərbaycan kapitalı vasitəsilə həyata keçirilə bilər.
Mamicanyan xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Fondunun ABŞ-nin üç böyük investisiya fondu ilə əməkdaşlıq memorandumu imzaladığına dair faktı açıqlamışdı.
“Həmin memorandumun istiqamətləri arasında infrastrukturun inkişafı, logistika yollarının formalaşdırılması və sair məsələlər yer alırdı.
Mən narahatlıq ifadə etmişdim ki, Azərbaycan neft kapitalının, pullarının TRIPP-in maliyyələşdirilməsinə cəlb olunması təhlükəsi var, daha açıq desək, Azərbaycanın TRIPP-də pay sahibi olması riski mövcuddur. Hakimiyyət sənəddə Ermənistanla ABŞ arasında göstərilən pay bölgüsünü açıqlasa da, Azərbaycan ABŞ tərəfinin investisiya proqramları vasitəsilə həmin layihəyə payla daxil ola bilərdi.
Və bu gün həmin narahatlığın daha bir təsdiqi ortaya çıxdı: məsləhətçi və mühəndislik fəaliyyəti ilə məşğul olan AECOM adlı ABŞ şirkətinin nümayəndələri Ermənistana gəliblər”, - deyə o qeyd edib.
Erməni deputat bildirib ki, rəsmi açıqlanan məlumatlara görə, onlar TRIPP-in tikintisinin detallarını araşdıracaq və hesabat təqdim edəcəklər.
“İlk baxışdan bunda qeyri-adi heç nə yoxdur. Lakin sadə bir araşdırma apardıqda məlum olur ki, Azərbaycan Dövlət Neft Fondu ilə memorandum imzalayan üç investisiya fondundan biri, dünyanın ən iri investisiya fondlarından biri olan “BlackRock” AECOM şirkətinin ikirəqəmli səhm paketinin sahibidir.
AECOM ilə “BlackRock” arasında əlaqələrin mövcudluğunu sübut edən çoxsaylı faktlar var. Bu isə daha bir əsaslı şübhə, daha bir ciddi risk yaradır ki, Azərbaycan TRIPP-in maliyyələşdirilməsi və investisiyalarında pay sahibi olacaq”, - deyə Mamicanyan bildirib və əlavə edib ki, bu narahatlığı indiyədək heç bir “Vətəndaş Müqaviləsi” partiyası üzvü təkzib etməyib.
Alpər Mövludoğlu
Ordu.az