Rusiya Ermənistan hakimiyyətinə “iki stulda oturmağa” icazə verəcəkmi?

2026/02/1770355442.jpg
Oxunub: 363     09:22     06 Fevral 2026    
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hakimiyyətinin Avropaya yönəlmiş istəklərinə bir daha toxunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Rusiya Ermənistan hakimiyyətinə “iki stulda oturmağa” icazə verəcəkmi?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Overçuk bildirib ki, Avropa İttifaqına mümkün üzvlük barədə qərar erməni xalqının seçimidir, lakin İrəvan Avropa İttifaqının dəyişən mahiyyətini nəzərə almalıdır, çünki bu qurum iqtisadi birlikdən tədricən hərbi-siyasi ittifaqa çevrilir.

“Ermənilər Rusiya Federasiyasına qarşı hazırda çox aqressiv mövqedə olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırmı? Ola bilsin ki, ermənilər də bu sualı özlərinə verməli olacaqlar. Hər halda, dəfələrlə qeyd olunub ki, bu və ya digər inteqrasiya birliyinin xeyrinə seçim həmişə erməni xalqının seçimidir”, - deyə Rusiya Baş nazirinin müavini bildirib.

Overçuk əlavə edib: “Burada aydındır ki, müəyyən qərarlar müəyyən bir mərhələdə qəbul edilməlidir, çünki bu məsələ həm burada, həm də Ermənistanda geniş müzakirə olunub. Nikol Vovayeviç də bu barədə danışıb. Hamı anlayır ki, Ermənistan eyni zamanda iki inteqrasiya birliyinin üzvü ola bilməz. Buna görə də, əgər belə bir seçim nə vaxtsa edilərsə, o, Avropa İttifaqının dəyişən mahiyyətində bu gün gördüyümüz dinamika nəzərə alınmaqla, kompleks xarakter daşıyacaq”.

KİV-ə görə, bundan əlavə, Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüş zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov aydın şəkildə bildirib ki, Avropa İttifaqına üzvlük Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə uyğun gəlmir, lakin Rusiya Ermənistanın seçiminə hörmət edəcək.

“Bu mövzu ilə bağlı Alen Simonyan da öz növbəsində qeyd edib ki, Ermənistan Rusiya ilə əlaqələrdə maraqlıdır və İrəvanın bu məsələdə başqa təsəvvürü yoxdur.

“AİB və Gömrük Birliyinə gəlincə, biz hesab etmirik ki, oradan çıxmalıyıq. Biz düşünürük ki, hər iki tərəf üçün sərfəli olacaq elə bir həll yolu tapa bilərik”, - deyə Alen Simonyan vurğulayıb.

Ermənistan hakimiyyəti artıq uzun müddətdir ki, Avropa İttifaqına üzv olmaq niyyətindən, bu istiqamətdə qətiyyətindən, hətta bu qərarın geri dönməzliyindən danışır. Artıq qeyd etməyə ehtiyac yoxdur ki, Ermənistan hakimiyyəti Qərblə, o cümlədən Brüssellə sıx əməkdaşlıq edir, islahatlar gündəliyi elan edir. Lakin Nikol Paşinyan açıq şəkildə bildirir ki, Ermənistanın Aİ üzvü olmaması da mümkündür.

“Tez-tez sual səslənir ki, Aİ-yə üzvlük Ermənistan üçün nə dərəcədə realdır və nə dərəcədə real deyil. Hökumət və siyasi çoxluq nə deyir? Deyir ki, bizim vəzifəmiz Aİ standartlarına çatmaqdır, bütün sahələrdə Aİ standartlarına uyğunlaşmaqdır. Biz başa düşürük ki, hətta bundan sonra da Aİ üzvü olmaya bilərik, lakin əsas məqsədimiz Aİ standartlarına uyğun gəlməkdir. Bu vacibdir, çünki bir çoxları burada geosiyasi nəticələr görür”, - deyə Paşinyan aylar əvvəl Ermənistan Demokratiya Forumu çərçivəsində keçirilən müzakirə zamanı bildirib.

Bu mərhələdə Ermənistan hakimiyyətinin taktikası aydın görünür: AİB-i tərk etməmək, onun Ermənistan üçün verdiyi faydalardan yararlanmaq, lakin siyasi münasibətləri Rusiya ilə deyil, Qərblə, yəni ABŞ, Aİ və ayrı-ayrı Avropa ölkələri ilə qurmaq və dərinləşdirmək. Çünki Aİ tərəfindən Ermənistanın Aİ üzvü olacağına dair açıq və konkret vədlər verilmədiyi hiss olunur”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, yəni, Rusiya Federasiyası ilə müəyyən siyasi münasibətləri qorumaq, lakin siyasi etimada can atmamaq lazımdır.

“Buna görə də, klassik anlamda Ermənistan hakimiyyəti xalq arasında deyildiyi kimi, “iki stulda oturmağa” çalışır. Lakin hələ dekabr ayında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, ümumilikdə Ermənistan və Rusiya yaxşı əlaqələr saxlayır, amma bu il ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb.

“Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il isə, ehtimal ki, 6 milyard dollar olacaq. Bu, çox ciddi azalmadır”, - deyə Overçuk 2025-ci ilin dekabrında bəyan edib. O, həmçinin əlavə edib ki, “Rusiya biznesi Ermənistanla işləməkdən ehtiyat edir”.

Bu isə o deməkdir ki, Rusiyanın siyasi qərarları nəticəsində Ermənistan üçün AİB üzvlüyü iki-üç il əvvəl olduğu qədər sərfəli olmaya bilər. Buna görə də sual yaranır: Rusiya Federasiyası Ermənistan hakimiyyətinə “iki stulda oturmağa” icazə verəcək, yoxsa yox? Və bu halda Ermənistan hakimiyyəti qərar verməyə məcbur qalacaq: Avropa inteqrasiyasının qeyri-müəyyən perspektivindən imtina etmək, yoxsa AİB-in verdiyi üstünlüklərdən əl çəkmək?”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin