“168.am”: Ticarət ölkəsinin “yazıq” büdcəsi: idxalçı necə 1 nömrəli vergiödəyənə çevrildi?

2026/02/1770355002.jpg
Oxunub: 360     09:15     06 Fevral 2026    
Ticarət Ermənistan iqtisadiyyatında ən böyük paya malikdir. Pərakəndə və topdansatış ticarətinin payı ÜDM-in demək olar ki, 14 faizinə çatıb, halbuki real iqtisadiyyatın payı getdikcə azalır. Kənd təsərrüfatının ÜDM-də payı cəmi 10 faiz civarındadır, emal sənayesinin payı isə bundan da azdır, hətta 10 faizə belə çatmır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ticarət ölkəsinin “yazıq” büdcəsi: idxalçı necə 1 nömrəli vergiödəyənə çevrildi?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ticarət təkcə iqtisadiyyatın deyil, həm də dövlət büdcəsi gəlirlərinin təmin olunmasının əsasına çevrilib.

“İri vergiödəyicilərin siyahısına daxil olan təsərrüfat subyektlərinin 37 faizi ticarətlə məşğuldur, bu onların əsas fəaliyyət sahəsidir. “İlk 1000” siyahısında bu kateqoriyaya aid 372 şirkət var ki, bu da olduqca böyük rəqəmdir. Həmin şirkətlər əsasən idxal və satışla məşğuldurlar.

Ticarətlə məşğul olan bu 372 şirkət iri vergiödəyicilərin ödədiyi vergilərin demək olar ki, 35 faizini, ümumilikdə 676 milyard dram ödəyib. Bu isə o deməkdir ki, dövlət büdcəsi ticarətdən çox böyük dərəcədə asılı vəziyyətdədir.

Nə qədər acı olsa da, iri vergiödəyicilər siyahısında birinci yeri xaricdən müxtəlif mallar idxal edən, onları başqa ölkələrə yenidən ixrac edən və ya yerli bazarda satan bir şirkət tutur. Söhbət Rusiya-Ukrayna müharibəsindən və Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan sonra tanınan, Samvel Aleksanyana məxsus “Mobile Center Art” şirkətindən gedir. Şirkət telefonlar, məişət texnikası və digər malların idxalı və təkrar ixracı üzrə ixtisaslaşıb”, - deyə nəşr vurğulayıb.

KİV qeyd edib ki, ödədiyi vergilərin həcminə görə bu şirkət uzun illər iri vergiödəyicilər arasında lider olmuş Ermənistanın ən böyük müəssisələrindən biri olan “Zəngəzur Mis-Molibden Kombinatı”nı belə geridə qoyub.

“Keçən il “Mobile Center Art” 77,8 milyard dram, “Zəngəzur Mis-Molibden Kombinatı” isə 52,2 milyard dram vergi ödəyib. Lakin bu iki şirkətin ödədiyi vergilər arasında bir mühüm fərq var. “Mobile Center Art”ın ödədiyi vergilərin böyük hissəsi əlavə dəyər vergisi (ƏDV) olub. Bu, məhsulun satış qiymətinə əlavə olunan və faktiki olaraq istehlakçılar tərəfindən ödənilən vergidir. Halbuki “Zəngəzur Mis-Molibden Kombinatı”nın ödədiyi vergilərin əsas hissəsini birbaşa vergilər, mənfəət vergisi və gəlir vergisi təşkil edir.

“Mobile Center Art”ın ödədiyi 77,8 milyard dramın 73,5 milyardı ƏDV olub.

Vergi öhdəliklərinin bu cür strukturu təkcə “Mobile Center Art” üçün xarakterik deyil. Ticarətlə məşğul olan bütün şirkətlərdə vəziyyət eynidir, ödədikləri vergilərdə ƏDV böyük paya malikdir. Bunlar malların qiymətləri vasitəsilə vətəndaşların cibindən çıxan, lakin şirkətlərin ödədiyi vergilər kimi təqdim olunan vəsaitlərdir.

Ticarət elə bir sahə deyil ki, ölkə onunla gələcəyini qura bilsin. Buna baxmayaraq, Ermənistanın indiki hakimiyyəti ölkənin gələcəyini ticarətlə bağlayır. Elə buna görə də “mədəni və konstruktiv” qonşuların qarşısında sərhədləri açmağa tələsirlər. Türkiyə ilə birtərəfli ticarətdən nəticə çıxarmadılar, indi isə Azərbaycanla birtərəfli ticarət aparırlar.

Hakimiyyət orqanları sevinclə bildirirlər ki, Azərbaycan malları Ermənistana gətirilir və burada satılır. Növbəti rəqib ölkə ilə birtərəfli ticarəti təşviq edir və bununla iqtisadiyyat inkişaf etdirdikləri təəssüratını yaratmağa çalışırlar”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, Ermənistan iqtisadiyyatının inkişafı ticarətin deyil, istehsalın ödədiyi vergilərdə öz əksini tapmalıdır.

“Bunun mərkəzində emal sənayesi dayanır. Lakin onun ödədiyi vergilər ticarətlə məşğul olanlarla müqayisədə xeyli azdır.

Emal sənayesi iri vergiödəyicilərin ödədiyi vergilərin cəmi 15 faizini, 1 trilyon 946 milyard dramdan yalnız 298 milyard dramını ödəyib. Bu, ticarətlə məşğul olanların ödədiyindən təxminən 2,3 dəfə azdır.

Bu, Ermənistan iqtisadiyyatının və onun istehsal sektorunun acınacaqlı vəziyyətini göstərən rüsvayçı statistika hesab olunur.

Üstəlik, həmin 298 milyard dramın demək olar ki, yarısını cəmi 3 şirkət ödəyib.

Son bir neçə ildə ticarətlə yanaşı, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vətəndaşların və biznesin “dərisini soymaq” rolunu üzərinə götürən bir sahə də ciddi pay qazanıb. Söhbət bank sistemindən gedir.

İri vergiödəyicilərin ödədiyi vergilərin təxminən 8-9 faizi bu sahənin payına düşür. Əvvəllər bank sisteminin ödənişləri iri vergiödəyicilər arasında heç vaxt bu qədər böyük paya malik olmayıb. Son illərdə vəziyyət kəskin şəkildə dəyişib. Bu, bankların gizlətdiyi vergilərin üzə çıxarılması ilə deyil, sistemdə nəhəng mənfəətlərin formalaşması ilə bağlıdır.

Təkcə ötən il bank sisteminin mənfəəti rekord həddə, 1,1 milyard dollar olub. Ondan əvvəlki il isə bu göstərici təxminən 950 milyon dollar təşkil edib.

Bu vəsaitlərin bir hissəsi mənfəət vergisi kimi dövlət büdcəsinə daxil olur. Lakin bu pullar göydən düşmür, ticarətdə olduğu kimi, vətəndaşların və iqtisadiyyatın cibindən çıxır. Bank sisteminin yüksək mənfəətləri aktiv kreditləşmə, kreditlər üzrə yüksək faizlər və bank xidmətlərinin baha olması hesabına formalaşır”, - deyə nəşr qeyd edib.

KİV-ə görə, tələbatdan istifadə edən banklar bank xidmətləri və komissiya haqlarının qiymətlərini azaltmaqdan yayınırlar ki, bundan da xüsusilə həmin kreditlərin əsas istifadəçiləri olan vətəndaşlar zərər görür.

“Uzun illər kredit faizlərini tənzimləyən əsas alətlərdən biri olmuş yenidən maliyyələşdirmə dərəcəsinin endirilməsi belə kömək etmir. Son dövrlərdə bank sistemi bu alətə demək olar ki, reaksiya vermir və vətəndaşların hesabına qazanc əldə edir.

Bank kreditlərinin böyük hissəsi ev təsərrüfatlarına verilən kreditlərdir ki, bu da vətəndaşların maliyyə yükünü xeyli artırıb. Banklarda formalaşan və qismən mənfəət vergisi şəklində dövlət büdcəsinə daxil olan nəhəng gəlirlər vətəndaşların ödənişləri hesabına yaranır. Vətəndaşlar götürdükləri kreditlərə görə yüksək faizlər ödəyir və banklar üçün mənfəət formalaşdırırlar.

Təsəvvür edin ki, 18 bankdan ibarət bank sistemi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 69 iri şirkətdən qat-qat çox vergi ödəyib. Bu isə o halda baş verir ki, İT sahəsi iqtisadiyyatın əsas, strateji sahələrindən biri hesab olunur və olunmaqdadır. İqtisadiyyatda başqa strateji sahələr də var, lakin onların büdcədəki payı böyük deyil. Əvəzində, bu gün büdcə gəlirlərinin əsas təminatçısına çevrilən ticarətdir. Amma ticarətlə ölkə saxlamaq olmaz. Ticarət dövlət büdcəsi üçün sabit gəlir mənbəyi deyil, bu gün var, sabah olmaya da bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ticarət   Ermənistan  


Bizi "telegram"da izləyin