Ermənistan hökuməti Erməni Apostol Kilsəsinə torpaq verməyi dayandıracaq

2025/12/1764825353.jpg
Oxunub: 348     17:04     05 Fevral 2026    
“Bundan sonra icma və dövlət torpaqları Üçmüədzin kilsəsinə kilsələrin tikintisi və saxlanılması üçün mülkiyyət hüququ ilə deyil, yalnız ödənişsiz istifadə hüququ əsasında veriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Ərazi idarəetməsi, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi komissiyasının iclasında Torpaq Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Asatur Vardanyan bildirib.

“Ermənistanın Torpaq Məcəlləsinin 64-cü maddəsi dövlət və icma mülkiyyətində olan torpaq sahələrinin ödənişsiz verilməsinə aiddir. Eyni zamanda, Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinin 2.1-ci bəndi artıq dövlət və icma mülkiyyətində olan torpaqların Ermənistan Apostol Kilsəsinə heç bir müsabiqə keçirilmədən ödənişsiz istifadə hüququ ilə verilməsini nəzərdə tutur. Beləliklə, qanun layihəsi 2001-ci il mayın 2-də qəbul edilmiş Ermənistanın Torpaq Məcəlləsinin 64-cü maddəsinin 1.2-ci hissəsinin qüvvədən düşmüş hesab edilməsini nəzərdə tutur”, - deyə sənədin əsaslandırılmasında qeyd olunur.

Ermənistan KİV-ləri qeyd edib ki, hazırda Ermənistanın Torpaq Məcəlləsinin 64-cü maddəsinin 1.2-ci hissəsinə əsasən dövlət və icma mülkiyyətində olan torpaq sahələri kilsələrin və dini tikililərin inşası üçün Erməni Apostol Kilsəsinə mülkiyyət hüququ ilə və ödənişsiz əsaslarla verilir. İstifadə ilə bağlı müddəa artıq Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinin 2.1-ci bəndində nəzərdə tutulduğuna görə, qanun layihəsi 2001-ci il mayın 2-də qəbul edilmiş Torpaq Məcəlləsinin 64-cü maddəsinin 1.2-ci hissəsinin qüvvədən düşmüş hesab edilməsini təklif edir.

Bununla belə, qanun layihəsinin əsaslandırılmasında bu dəyişikliklərin hansı səbəbdən edildiyi göstərilmir. Eyni zamanda, hökumət tərəfindən müəyyən edilmiş qaydalar indiyədək Üçmüədzin kilsəsinə verilmiş torpaqlara şamil olunmayacaq. Əslində, Ermənistan hökuməti bundan sonra Erməni Apostol Kilsəsinə mülkiyyət hüququ ilə və ödənişsiz əsaslarla torpaq verməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin